ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN XATİRƏSİ GÜRCÜSTANDA BÖYÜK MƏHƏBBƏT VƏ EHTİRAMLA ANILMIŞDIR
Mərasimi Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev açaraq, toplaşanlara Heydər Əliyevin həyat və fəaliyyəti barədə ətraflı məlumat vermişdir. Səfir demişdir: “Bütün həyatını xalqının rifahına, mənəvi yetkinliyinə və ölkənin çiçəklənməsinə həsr edən Heydər Əliyevin əvəzsiz xidmətləri sayəsində Azərbaycan dünyanın nüfuzlu dövlətlərindən birinə və bölgədə lider dövlətə çevrilmişdir. Bu gün biz buraya ulu öndərin anım gününə toplaşmışıq. Tbilisidə akkreditə olunmuş diplomatik korpusun, Gürcüstan rəhbərliyi və ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi bu böyük tədbir bir daha təsdiqləyir ki, Heydər Əliyevin parlaq xatirəsi hər yerdə əziz tutulur, ulu öndər həmişəyaşar siyasi xadimdir. Heydər Əliyev Cənubi Qafqazın ən yeni tarixini dəyişdirmiş, demokratiyanın inkişafı, bu ölkələrə sülh, əmin-amanlıq, rifah gətirəcək layihələrin gerçəkləşməsi yönümündə çoxlarının bacarmadığı cəsarətli addımlar atmışdır. Heydər Əliyevin başladığı çox böyük layihələr və taleyüklü işlər Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla gerçəkləşdirilir və gözəl bəhrələr verir. Heydər Əliyevin arzularından biri də strateji tərəfdaşlar olan Azərbaycan və Gürcüstanın dostluğunun əbədi olması, münasibətlərin səmimilik, mehriban qonşuluq əsasında qurulması idi. Bu gün həmin ideyaların hər iki ölkənin gənc prezidentləri İlham Əliyev və Mixail Saakaşvili tərəfindən dönmədən həyata keçirilməsi xalqlarımızı ürəkdən sevindirir”.
N.Əliyev qeyd etdi ki, Tbilisi şəhər bələdiyyəsi bu bağda Heydər Əliyevin büstünün qoyulmasını qərara almışdır və yaxın günlərdə Gürcüstan paytaxtının qədim məhəlləsində ulu öndərin büstü açılacaqdır. O, Gürcüstan rəhbərliyinə, Tbilisi şəhər bələdiyyəsinə, ictimaiyyətin, diplomatik korpusun nümayəndələrinə Heydər Əliyevin xatirəsini əziz tutub, mərasimdə iştirak etdiklərinə görə təşəkkürünü bildirdi.
Gürcüstan xarici işlər nazirinin birinci müavini Valeri Çeçelaşvili çıxışında dedi ki, bu gün – 12 dekabr Azərbaycan xalqının ümummilli lideri, yalnız Azərbaycanın deyil, bölgəmizin də xoş gələcəyi, firavanlığı sahəsində əvəzsiz xidmətləri olan böyük siyasət xadimi Heydər Əliyevin anım günüdür. Heydər Əliyev bir ölkənin sərhədlərinə sığmayan liderdir. Çeçelaşvili Heydər Əliyevin Gürcüstan-Azərbaycan münasibətlərinin daha da dərinləşdirilməsində böyük xidmətləri olduğunu xüsusi vurğuladı. O dedi: “Biz onun xatirəsini həmişə əziz tutacağıq və buna borcluyuq. Onunla hər bir görüş insana xoş təsir bağışlayır, insanı zənginləşdirir, yeni ideyalara qovuşdurur və ruhlandırırdı”.
Mərasimdə Türkiyə, Çin, Rumıniya, Qazaxıstanın Gürcüstandakı səfirliklərinin nümayəndələri, Kvemo Kartli - Borçalı bölgəsinin qubernatoru Zurab Melikişvili, Marneuli rayonunun rəhbərləri iştirak etmişlər. Heydər Əliyevin abidəsi ucaldılacaq yerə çoxlu əklil, təzə gül dəstələri qoyulmuşdur.
Borçalı bölgəsinin azərbaycanlılar yaşayan əksər kəndlərində ulu öndərin anım günü keçirilmiş, ruhuna dualar oxunmuş, ehsan verilmişdir.
Gürcüstanın “Rustavi-2”, “İmedi” və İctimai Televiziya kanalları dekabrın 12-də axşam Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş “Dostluq meyarı” sənədli filmini nümayiş etdirmişlər. Filmin ideya və ssenari müəllifi Anurə Məmmədova, prodüseri AzTV-nin Gürcüstandakı xüsusi müxbiri Şahismayıl Şəmmədoğlu, tanınmış kino rejissoru Georgi Toradzedir. Xatırladaq ki, bu, onların Heydər Əliyevə həsr etdikləri ikinci filmidir. “Dənizdən dənizə” adlanan birinci film Gürcüstanın bir neçə telekanalı ilə keçən il nümayiş etdirilmişdi.