ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ I BEYNƏLXALQ ŞAHMAT FESTİVALI BAŞA ÇATMIŞDIR
Festivalda Azərbaycan, Gürcüstan, Ukrayna, Rusiya, İsrail, Türkiyə, Almaniya, Qazaxıstan, İraq, Bosniya və Herseqovinanın 150-yə yaxın şahmatçısı kubok və qiymətli hədiyyələr uğrunda mübarizə aparmışdır. Onların 35-i beynəlxalq qrossmeyster və ustadır. Dörd turnirdən (açıq turnir, 10, 12 və 14 yaşadək uşaqlar arasında turnir, veteranlar arasında turnir və blits (sürətli) turnir) ibarət festivalın ümumi mükafat fondu 35 min ABŞ dollarıdır.
Yaşlılar arasında açıq turnirdə birinci yer tutan beynəlxalq qrossmeyster Şəhriyar Məmmədyarov “Prezident kuboku”na və 4500 ABŞ dolları məbləğində pul mükafatına layiq görülmüşdür. İkinci yerin sahibi ukraynalı beynəlxalq qrossmeystr Vadim Malakxatko 3500, üçüncü yer tutan Nicat Məmmədov 2800 ABŞ dolları məbləğində mükafat almışlar. Uşaqlar arasında turnirdə Ülvi Bacarani, Orxan Hüseynov və Murad Quliyev, veteranlar arasında Nəriman Yusifov, Raviz Babayev və Nazim Ağayev, müvafiq olaraq, 1-3-cü yerləri tutmuşlar.
Blits turnirdə Şəhriyar Məmmədyarov birinci, Qədir Hüseynov ikinci, rusiyalı Vladimir Belov üçüncü olmuşlar. Bütün turnirlər üzrə ilk üç yeri tutan şahmatçılara pul mükafatı və qiymətli hədiyyələr təqdim olunmuşdur.