ÜMUMRUSİYA AZƏRBAYCAN KONQRESİ II QURULTAYINA HAZIRDIR
Qurultayda Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin iştirak edəcəyi gözlənilir. Ümumiyyətlə isə, onun işində 1000-dən çox adam, o cümlədən Rusiyanın 67 regionundan, Moskva və Sankt-Peterburqdan 350 nümayəndə iştirak edəcəkdir.
Qurultay ÜAK-ın üçillik fəaliyyətinə yekun vuracaq, gələcək işlərin ən mühüm istiqamətlərini müəyyənləşdirəcəkdir. Qurultay ərəfəsində - oktyabrın 18-də təhsil və elmlə, həmvətənlərimizin hüquqi və sosial müdafiəsi ilə bağlı işçi komissiyalarının aktual məsələlərə dair iclasları keçiriləcəkdir. Konqresin ayrıca işçi komissiyası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi problemini və onun nizama salınması yollarını müzakirə edəcəkdir. Komissiyaların tövsiyə və təklifləri qurultayın qərar və qətnamələrinin əsasını təşkil edəcəkdir.
ÜAK-ın vitse-prezidenti, icra aparatının rəhbəri Natiq Ağamirov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, son bir ildə Konqres Rusiyada yaşayan azərbaycanlıların təhsil səviyyəsinin yüksəldilməsi sahəsində çox fəal işləmişdir. Azərbaycan dilinin, milli ənənələrin, mədəni irsin qorunub saxlanması məqsədi ilə bir sıra milli-mədəni tədbirlər keçirilmişdir. Konqres Rusiya sərmayələrinin Azərbaycana cəlb olunması, habelə Azərbaycan diasporunun potensialından Rusiya iqtisadiyyatında istifadə edilməsi məqsədi ilə ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi sahəsində də xeyli iş görmüşdür. Rusiya azərbaycanlıları qurultaydan uğurla həyata keçirilən və konkret nəticələr verən bu işlərin genişlənməsinə təkan verəcək qərarlar gözləyirlər.
Natiq Ağamirov demişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin qurultayda gözlənilən iştirakı əlamətdar hadisəyə çevriləcəkdir.
O, xüsusi vurğulamışdır ki, Rusiyadakı Azərbaycan diasporunun vahid, birləşdirici təşkilatını yaratmaq ideyası ümummilli liderimiz Heydər Əliyevə məxsusdur. Onun konqresin təsis yığıncağındakı nitqi ÜAK-ın bütün gələcək fəaliyyətinin proqramına çevrilmişdir və konqres öz proqramını Prezident Heydər Əliyevin göstərdiyi vəzifələrə daim uyğunlaşdırır. Xaricdə yaşayan Azərbaycan diasporu ilə iş, ilk dəfə olaraq, dövlət siyasəti səviyyəsinə qaldırılmışdır. Bu siyasəti Prezident İlham Əliyev davam etdirir və ÜAK-ın II qurultayında onun iştirakı faktı tarixi vətəninin hüdudlarından kənarda yaşayan azərbaycanlılara qayğı və diqqətin daha bir bariz nümunəsi olacaqdır.
ÜAK-ın vitse-prezidenti bildirmişdir ki, Rusiya Prezidenti V.Putinin Konqresin dəvətini qəbul etməsi də bu ölkədəki azərbaycanlıların həyatında çox mühüm hadisədir. Bu, ilk növbədə, Rusiya-Azərbaycan münasibətlərində son illər müşahidə etdiyimiz müsbət dəyişikliklərin, habelə iki dövlətin liderləri arasında yaranmış dostluq əlaqələrinin və konstruktiv münasibətlərin nəticəsidir. Eyni zamanda, bu, Ümumrusiya Azərbaycan Konqresinin Rusiyadakı bütün Azərbaycan diasporunun mənafelərini təmsil edən əsas təşkilatlandırıcı və birləşdirici qurum kimi tanınmasına sübutdur.