UNEC-də “Kriptovalyutalar: qlobal çağırış və Azərbaycan” mövzusunda müzakirələr aparılıb
Bakı, 1 mart, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbi “ISE Economic Talks” layihəsi çərçivəsində 2017/2018-ci tədris ili üçün ilk müzakirəsini keçirib.
UNEC-in müəllim və tələbələrinin populyar iqtisadi platforması olan “ISE Economic Talks”a bu dəfə də dünya gündəminin ən çox müzakirə olunan mövzusu çıxarılıb. UNEC-in beynəlxalq iqtisadiyyat (ingilisdilli) kafedrasının müəllimi Fəxri Məmmədov “Kriptovalyutalar: qlobal çağırış və Azərbaycan” mövzusunda çıxış edib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, bu sahədə şəxsi təcrübəsini tələbələrlə paylaşan gənc müəllim məsələyə qlobal səviyyədə də yanaşıb. O, dünya iqtisadi və maliyyə sistemində baş verən institusional dəyişikliklər çərçivəsində Azərbaycanın mövqeyini, kriptovalyutalara Azərbaycandakı yanaşmanı və gələcək perspektivləri təqdim edib.
“ISE Economic Talks” layihəsinin məqsədi UNEC-in müəllim, tədqiqatçı və tələbələrini vahid iqtisadi platformada toplamaq və onların müzakirələrini təşkil etməkdir. Layihə çərçivəsində qlobal iqtisadiyyatın, eləcə də ölkənin ən aktual iqtisadi mövzu və problemləri müzakirə edilir. Eyni zamanda, dünya bestselleri olan iqtisadi kitabların “müzakirə günü” təşkil olunur. Ayda iki dəfə keçirilən müzakirələrin mövzuları səsvermə yolu ilə seçilir. Təkliflərə əsasən, yeni müzakirə istiqamətləri müəyyənləşdirilir.
“ISE Economic Talks” layihəsinin rəhbəri UNEC-in beynəlxalq İqtisadiyyat kafedrasının müəllimi Təhmasib Əlizadədir.