UNEC “Yenilikçi və İnkişaf Mükafatı”na layiq görülüb
Bakı, 12 fevral, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqının (ATGTİ) “Yenilikçi və İnkişaf Mükafatı”na layiq görülüb.
Mükafatın təqdim olunması məqsədilə ATGTİ-nin sədri Rəşad Zeynalov UNEC rektoru professor Ədalət Muradovla görüşüb.
Bu barədə AZƏRTAC-a UNEC-dən məlumat verilib. Görüşdə Rəşad Zeynalov UNEC-in dövlət gənclər siyasətinə verdiyi töhfələrdən söz açıb, bu ali təhsil müəssisəsinin tələbə və məzunlarının ölkənin ictimai-siyasi həyatında hər zaman önəmli rol oynadıqlarını diqqətə çatdırıb. Rəşad Zeynalov ATGTİ-nin gördüyü işlər və gələcək layihələr barədə məlumat verərək, UNEC-lə bu istiqamətdə birgə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Rektor professor Ədalət Muradov UNEC məzunlarının uğurları ilə hər zaman qürur duyduğunu bildirərək, gənclərlə bağlı bütün təşəbbüslərə və ideyalara açıq olduğunu deyib. Həmçinin ATGTİ-nin bu istiqamətdə həyata keçirdiyi layihələrə universitet tərəfindən dəstək göstəriləcəyini vurğulayıb. UNEC-in tələbə mərkəzli universitet olması istiqamətində görülən işlərdən söz açan rektor, onların universitet idarəetməsində yer aldıqlarını, universitetdə 15 tələbə təşkilatının fəaliyyət göstərdiyini bildirib.
Rektor ATGTİ-ni UNEC-in start verdiyi “Elmin populyarlaşdırılması” və “Elm gözəldir: Məktəbdən elmə” layihəsinə qoşulmağa dəvət edib.