UNESCO: Biosfer qoruqları yaşıl qlobal gələcəyə töhfədir
Bakı, 4 noyabr, AZƏRTAC
Şəhərdən savannaya və dağların zirvələrindən manqrovlara qədər uzanan dünyanın 748 biosfer qoruğu yaşıl qlobal gələcəyə töhfədir.
AZƏRTAC xəbər verir ki, bu sözlər noyabrın 3-də qeyd edilən Beynəlxalq Biosfer Qoruqları Günü ilə əlaqədar UNESCO-nun yaydığı müraciətdə yer alıb.
Təşkilatın müraciətində bildirilib ki, dünyada mövcud olan biosfer qoruqları şəbəkəsi biomüxtəlifliyin qorunmasını təşviq edir və 134 ölkədə yerləşir. Təkcə son iki ildə bu şəbəkəyə 21 yeni qoruq əlavə edilib. Biosfer qoruqları ənənəvi qorunan ərazilər deyil. Onlar 275 milyondan çox insanın yaşadığı və işlədiyi yerlərdir.
UNESCO-nun Baş direktoru Odri Azulay bununla bağlı bildirib: “Bu şəbəkənin sürətlə genişlənməsi bizim ümumi gələcəyimiz, təbiətin həyat tərzimiz ilə uzlaşdırılmasına dair artan məlumatlılığa dəlalət edir. Bu gün biz bu şəbəkənin müxtəlifliyini - onların davamlılığı, yaratdıqları bilik və göstərdikləri nümunə - məsələn, yaşıl iqtisadiyyata dəstək və ya bərpa olunan enerji mənbələrindən istifadə edilməsi məsələlərini ön plana çıxarırıq. Biz zəmanəmizin böyük probleminin öhdəsindən gəlmək üçün biosfer qoruqlarının potensialını qeyd edirik. Təbiətlə barışıq baxımından biosfer ehtiyatlarının təklif edəcəyi çox şey var”.
Biosfer qoruqları insanların təbiətlə qarşılıqlı əlaqədə olduğu yerlərdə mövcuddur və ölçüləri tək, kiçik ada icmasından qitələr boyu uzanan geniş, ekoloji dəhlizlərə qədər dəyişir. Onlar həmçinin Yer haqqında əsas anlayışa və biliyə malik olan bir çox yerli xalqların evidir. Bunun bariz nümunəsi Tanzaniyada 4,3 milyon hektardan çox ərazini əhatə edən Serengeti-Nqoronqoro biosfer qoruğudur. Buraya Serengeti Milli Parkı və Nqoronqoro qoruq ərazisi daxildir. Qoruq ceyran, zürafə, çita, bəbir və antilop kimi yüz minlərlə heyvanı dəstəkləyir, həm də yerli Masai xalqının evidir.