UNİBANK BEŞ AYIN MALİYYƏ YEKUNLARINI VURMUŞDUR
AZƏRTAC xəbər verir ki, UniBank Kommersiya Bankı cari ilin beş ayının maliyyə yekunlarını açıqlamışdır. Hesabatda bildirilir ki, 2007-ci ilin yanvar-may ayları ilə müqayisədə bu il əsas maliyyə göstəriciləri üzrə sabit artım müşahidə olunmuşdur. Bankın aktivləri ötən ilin may ayı ilə müqayisədə 105,8 faiz artaraq 452,343 milyon manat təşkil etmişdir ki, bu da öz növbəsində 2008-ci il yanvarın 1-nə olan müvafiq göstəricidən 16,1 faiz çoxdur.
Bankın kredit portfeli isə 177,2 faiz artaraq 345,910 milyon manat təşkil etmişdir ki, bu da cari il yanvarın əvvəlinə olan göstərici ilə müqayisədə 26 faiz çoxdur.
Mayın 31-nə olan vəziyyətə görə bankın cəlb etdiyi depozitlərin həcmi 133,882 milyon manat təşkil etmiş, həmin göstəricinin illik artımı 31 faiz, 2008-ci il üçün artımı isə 8,6 faiz olmuşdur.
Bankın gəliri mayın sonuna 31370 min manat olmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 176 faiz artım deməkdir.
Bankın xərcləri il ərzində 165 faiz artaraq, 26007 min manta, balans mənfəəti isə ötən ilin eyni dövrü ilə müqayisədə 242 faiz artaraq, 5 363 min manata çatmışdır.