“UNİLEASİNG” ŞİRKƏTİ “AVTOLİZİNQ” LAYİHƏSİNİN REALLAŞMASINA 5 MİLYON ABŞ DOLLARI SƏRMAYƏ QOYMUŞDUR
“Unileasing” lizinq şirkəti “Avtolizinq” layihəsi çərçivəsində yeni xidmətlər tətbiq etməyi planlaşdırır. Şirkətdən AZƏRTAC-a bildirmişlər ki, yeniliklər şirkətin internet resursları (www.unileasing.az) çərçivəsində on-line xidmətlərin təkmilləşdirilməsi və minik avtomobillərinin lizinqi üzrə yeni layihələrin tətbiqi sahələrində həyata keçiriləcəkdir.
Hər bir vətəndaşın avtomobilinin qiymətinin 10 faizini ödəməklə 60 ay müddətinə lizinq qaydasında maşın ala bilməsini nəzərdə tutan maliyyələşdirmə şərtləri potensial alıcılar üçün çox sərfəlidir. Bu, layihə çərçivəsində 5,5 milyon ABŞ dolları məbləğində minik avtomobillərinin əldə edilməsini maliyyələşdirməyə imkan verir.
“Avtolizinq” layihəsi çərçivəsində şirkətin internet saytındakı lizinq kalkulyatoru vasitəsilə seçilmiş avtomobil üçün aylıq lizinq ödəmələrinin məbləğini hesablamaq, habelə şirkətin mütəxəssisindən on-line məsləhət almaq olar.