“UŞAQ DÜNYASI” CƏMİYYƏTİNİN SƏDRİ BƏDAYƏ RAMAZANOVANIN ÇIXIŞI
Hörmətli konfrans iştirakçıları!Bu gün biz Azərbaycanın, uşaqlarımızın gələcəyi naminə hamımızın çox sevdiyi möhtərəm Prezidentimiz Heydər Əliyevin namizədliyini irəli sürmək üçün öz təşəbbüsümüzlə ictimai hərəkat yaratmışıq. Zənnimcə, bu, bütün Azərbaycan xalqının, hamının ürəyindəndir ki, biz oktyabrın 15-də bir daha möhtərəm Prezidentimizi Azərbaycanın rəhbəri kimi görək. Çünki, artıq neçə illərdir xalqımızı onun necə sevdiyini, hər birimiz üçün gözəl şərait yaratmaq istədiyini, ölkəmizi beynəlxalq aləmdə tanıtdığını bilirik. Əlbəttə, bizim problemlərimiz də vardır. Ancaq hamımız başa düşürük ki, o problemlərin çoxunun həlli üçün vaxt lazımdır. Bizdən, yəni Azərbaycandan asılı olmayan bəzi problemlər beynəlxalq münasibətlər sistemi çərçivəsində həll olunmalıdır. Bütün Azərbaycan xalqı bunu başa düşür. Ancaq tam əminik ki, bizim namizədimiz, yəni hamımızın sevdiyimiz Heydər Əliyev oktyabrın 15-də yenidən respublikamızın prezidenti seçiləcək və bütün problemlərimiz çözüləcəkdir. Bizim ən ağrılı problemimiz - Dağlıq Qarabağ problemi müsbət həll olunacaqdır. Torpaqlarımız geri qaytarılacaqdır. Mən ürəkdən əminəm ki, bizim bütün problemlərimizi möhtərəm Prezidentimiz Heydər Əliyev həll edəcəkdir. Bu təsis konfransı hamımızın ürəyincədir. Burada toplaşan insanların fikri bütün Azərbaycan xalqının fikridir. Mən bu yolda hamınıza müvəffəqiyyətlər arzulayıram.