Uşaq hüquqlarının qorunması dövlət siyasətinin prioritet istiqamətlərindəndir
Bakı, 13 aprel, AZƏRTAC
Son günlərdə uşaqlara qarşı alçaldıcı hərəkətlər edilərək, sosial şəbəkələrdə paylaşılması ilə bağlı yayılan məlumatlar cəmiyyətdə haqlı olaraq böyük təəssüf və qəzəb hissi ilə qarşılanıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qeyd olunan faktla bağlı Dövlət Komitəsi tərəfindən aidiyyəti qurumlara müraciət edilib. Faktın araşdırılması, günahkar şəxslərin ölkəmizin qanunlarına müvafiq qaydada cəzalandırılması istiqamətində ciddi addımların atılması tələb olunub.
Qeyd edilib ki, Azərbaycanda uşaqlara diqqət və qayğı, onların yüksək səviyyədə tərbiyəsi, layiqli vətəndaş olaraq böyüməsi milli-mənəvi dəyərlərimizdə mühüm yer tutur. Azərbaycan Respublikasının Konstitusiyasında da vurğulandığı kimi, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək, ilk növbədə, valideynlərin borcudur. Hər bir valideyn anlamalıdır ki, uşaqların mənəviyyatına xələl gətirən hərəkətlər onların bir vətəndaş olaraq tərbiyəsinə mənfi təsir göstərir. Azərbaycanın da qoşulduğu beynəlxalq konvensiyalardan biri olan BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyası uşaqlardan sui-istifadə hallarını, onların mənəviyyatının alçaldılmasını qəti şəkildə yolverilməz hesab edir. Dövlətimiz də Konvensiyanın prinsiplərini üstün tutaraq bu hallarla ciddi mübarizə aparır.
Hazırda pandemiya ilə mübarizə şəraitində dövlətin həssas ailələrin yanında olaraq onların sosial vəziyyətinə mənfi təsirlərin azaldılması istiqamətində həyata keçirdiyi tədbirlərə rəğmən, bəzi vətəndaşların sosial məsuliyyətsizliyi, görülən işlərə kölgə salmaq mövqeyindən çıxış edərək, cəmiyyətdə pozuculuq fəaliyyəti xalqımızın həmrəylik prinsiplərinə ziddir. Hər bir vətəndaşı bu çətin günlərdə birgə olmağa, dövlətimizə və bir-birimizə dəstək verməyə səsləyirik.
Qeyd olunan məsələ ilə bağlı hadisəni törədən və videoya çəkərək paylaşan şəxslər artıq aşkarlanıb, həmin şəxslər barəsində aidiyyəti tədbirlər görülür.