UŞAQ HÜQUQLARININ TƏBLİĞİ VƏ MÜDAFİƏSİ SAHƏSİNDƏ QALİBLƏR MÜKAFATLANDIRILMIŞDIR
AZƏRTAC xəbər verir ki, M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatı, BMT-nin Uşaq Fondunun (YUNİSEF) ölkəmizdəki nümayəndəliyi və Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansının təşəbbüsü ilə “Heç bir uşağı nəzərdən qaçırmayaq” milli ictimai mükafatın təqdimetmə mərasimi keçirilmişdir.
Tədbirdə “Heç bir uşağı nəzərdən qaçırmayaq” milli kampaniyası çərçivəsində görülən işlər barədə məlumat verilmişdir. Qeyd edilmişdir ki, artıq üç ildir uşaq hüquqlarının təbliği və müdafiəsi sahəsində fəaliyyətləri ilə seçilmiş qurum və şəxslərin mükafatlandırılması həyata keçirilir. Bu il də QHT nümayəndələri arasında keçirilmiş sorğular əsasında yeddi nominasiya üzrə mükafatlandırılacaq qurum və şəxslər müəyyənləşdirilmişdir.
Tədbirdə uşaq hüquqlarının müdafiəsi və ya təbliği sahəsində ilin dövlət qurumu nominasiyası üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, ilin QHT-si nominasiyası üzrə “Müşfiq” Əlil Uşaqlara Yardım İctimai Birliyi, ilin xeyriyyəçi özəl şirkəti nominasiyası üzrə “Azercell” Birgə Müəssisəsi, ilin adamı nominasiyası üzrə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Xalidə Bayramova, ilin beynəlxalq təşkilatı nominasiyası üzrə “Dünyaya baxış” beynəlxalq humanitar təşkilatı (World Vision İnternational), ilin mətbu orqanı nominasiyası üzrə “Olaylar” qəzeti, ilin TV və radio kanalı nominasiyası üzrə “Azadlıq” radiosu mükafatlandırılmışdır.
Tədbir musiqi proqramı ilə davam etdirilmişdir.