Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO
Bakı, 7 avqust, AZƏRTAC
Hər il avqustun 1-i ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur. Bu əlamətdar gün münasibətilə Uşaq Səfirlər Məclisi tərəfindən ana dilimizin qorunması, zənginliyinin təbliği və gənc nəslin milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsi istiqamətində tədbir təşkil olunub. Uşaq Səfirlər Məclisi yalnız uşaqların hüquq və maraqlarının müdafiəsi üzrə deyil, həm də milli-mənəvi dəyərlərin təbliği və qorunmasına xidmət edən təşəbbüslərlə çıxış edir.
Bu fikri “Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar” mövzusunda konfrans çərçivəsində AZƏRTAC-a açıqlamasında Uşaq Səfirlər Məclisinin üzvü Nuray Bağışova söyləyib.
“Azərbaycan dili xalqımızın ən böyük milli sərvətlərindən biridir. Əsrlər boyu formalaşan bu dil zəngin ədəbi irsimizi, tariximizi, mədəniyyətimizi və milli ruhumuzu yaşadaraq bu günümüzə çatdırıb. Ana dilimiz keçmişimizlə gələcəyimiz arasında möhkəm mənəvi körpüdür”, – deyə müsahibimiz vurğulayıb. O qeyd edib ki, qloballaşma və rəqəmsal mühitin təsiri nəticəsində Azərbaycan dilinə çoxlu sayda yad sözlər daxil olur. Xüsusilə sosial media platformalarında xarici söz və ifadələrdən həddindən artıq istifadə ana dilinin saflığının qorunması baxımından ciddi çağırışlar yaradır.
“Azərbaycan dili zəngin söz ehtiyatına və geniş ifadə imkanlarına malikdir. Bir çox xarici sözlərin dilimizdə qarşılığı mövcuddur. Buna görə də hər birimiz gündəlik ünsiyyətdə ana dilimizin imkanlarından istifadə etməli, onu düzgün və səlis şəkildə danışmağa çalışmalıyıq”, – deyə Nuray Bağışova bildirib. O, tarix boyu Azərbaycan xalqının öz dilini qoruyaraq yaşatmağı bacardığını qeyd edib. Vurğulayıb ki, Azərbaycan dilini qorumaq yalnız dil mütəxəssislərinin deyil, bütün cəmiyyətin, xüsusilə də gənc nəslin məsuliyyətidir.
“Düşünürəm ki, hər bir Azərbaycan vətəndaşı ana dilində səlis danışmalı, Azərbaycan dilini qorumalı və gələcək nəsillərə olduğu kimi ötürməlidir. Dilimizi qorumaq milli kimliyimizi, tariximizi və dövlətçiliyimizi qorumaq deməkdir. Ana dilimiz bizim qürurumuz, milli birliyimizin rəmzi və gələcəyimizin ən etibarlı təminatıdır”, - deyə müsahibimiz fikrini yekunlaşdırıb.