“Uşaqlar üçün laboratoriya” layihəsi çərçivəsində növbəti təlim təşkil olunub
Bakı, 18 aprel, AZƏRTAC
IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə həyata keçirdiyi “Uşaqlar üçün laboratoriya” layihəsi çərçivəsində “Yer günü” ilə əlaqədar təlim təşkil olunub.
İctimai Birlikdən AZƏRTAC-a bildirilib ki, təlim zamanı planetimizin heyrətamiz gözəlliyi və onun mühafizəsi ilə bağlı qısametrajlı filmlər nümayiş olunub. Balacalara ətraf mühiti qorumağın sirləri, o cümlədən gündəlik həyatda təbiəti qorumaq üçün atılmalı olan vacib addımlar izah edilib.
Daha sonra uşaqlar tullantılardan incəsənət nümunələri hazırlamaq, öz kiçik planetlərini yaratmaq, təmiz su və təmiz hava ilə bağlı interaktiv oyunlarda iştirak etmək imkanı qazanıblar.
Aprel “laboratoriyası” uşaqlara ətraf mühitin qorunmasının və onun gələcək nəsillərə sağlam ötürülməsinin vacibliyi haqqında biliklər qazandırıb, onlarda təbiətə sevgi və qayğı hissinin gücləndirilməsinə töhfə verib.
Qeyd edək ki, “Uşaqlar üçün ekoloji laboratoriya” IDEA İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində təşkil olunur. Təlimlərdə iştirakla bağlı IDEA İctimai Birliyi ilə (497-63-16) əlaqə saxlamaq xahiş olunur.