“Uşaqlıq dövründə inkişaf dinamikasına nəzarət” mövzusunda təlim keçirilib
Bakı, 14 mart, AZƏRTAC
Uşaqların sağlamlığına təsir edən neqativ amillər, xüsusilə də fiziki aktivliyin azlığı və oturaq həyat tərzi, qeyri-sağlam qidalanma, zərərli vərdişlər ciddi bir ictimai sağlamlıq problemidir. Həmin neqativ təsirlərin öyrənilməsi və uşaqların sağlamlığına dinamik nəzarətin təmin edilməsinə 2007-ci ildən etibarən Avropa ölkələrində Dünya Səhiyyə Təşkilatının (DST) himayəsi və dəstəyi ilə keçirilən “Uşaqlıq dövründə inkişaf dinamikasına nəzarət” təşəbbüsü xüsusi töhfə verib.
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) 2019-cu ildə Norveçin Bergen şəhərində keçirilən toplantıda bu təşəbbüsə qoşularaq “Uşaqlıq dövründə inkişaf dinamikasına nəzarət” tədqiqatının ölkəmizdə ilk dəfə keçirilməsi üçün müvafiq hazırlıqlara başlayıb. Bu tədqiqatın 2020-ci ildə keçirilməsi məqsədilə cari ilin martın 10-13-də DST-nin Avropa üzrə Regional Ofisi tərəfindən təhkim olunmuş mütəxəssislər heyəti Bakıda səfərdə olub. Səfər çərçivəsində tədqiqatın aparılması üzrə müvafiq hazırlıqlar müzakirə edilib, habelə 30 yerli mütəxəssis üçün ikigünlük təlim keçirilib. Təlim kursunda tədqiqatın keçirilməsində yaxından əməkdaşlıq edəcək İSİM-in və Təhsil Nazirliyinin Təhsil İnstitutunun nümayəndələri iştirak ediblər.
Bu barədə AZƏRTAC-a İSİM-in səhiyyə kommunikasiyası şöbəsindən bildirilib.
İSİM-in səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri Nabil Seyidov təlimdəki çıxışında bildirib ki, tədbirin təşkilində əsas məqsəd Azərbaycanda uşaqların sağlam inkişafı istiqamətində həyata keçirilən müvafiq tədbirlərin davamlı təkmilləşdirilməsi üçün mövcud vəziyyətin öyrənilməsi, uşaqların sağlamlığına təsir edən neqativ amillərin müəyyən edilməsi və onların aradan qaldırılması üçün hədəfli proqramların hazırlanmasıdır. İki ildə bir dəfə keçiriləcək bu tədqiqat çərçivəsində uşaqların ana südü ilə qidalanması, onlar arasında zərərli vərdişlərin yayılması, fiziki aktivlik və oturaq həyat tərzi, sağlam qidalanma, asudə vaxtının təşkili, idmanla məşğul olma və digər mühüm məsələlər araşdırılacaq və dinamika təhlil ediləcək. N. Seyidov xatırladıb ki, ilk tədqiqata bütün ölkə ərazisini əhatə etməklə 7 yaşlı 3 mindən çox məktəbli, 3 mindən çox valideyn və 150-dən çox məktəb cəlb olunacaq.
DST-nin Avropa üzrə Regional Ofisinin nümayəndəsi Culiyan Vilyams uşaqların sağlam inkişaf dinamikasına nəzarət təşəbbüsünün yaranmasının zəruriliyindən söz açaraq qeyd edib ki, uşaqlar arasında sağlam həyat tərzinin aşılanması ilə qeyri-sağlam vərdişlərdən irəli gələn xəstəliklərin qarşısını almaq olar. Onun sözlərinə görə, hazırda təşəbbüs 40-dan çox region ölkəsini əhatə edir.
Qazaxıstan Respublikasının İctimai Səhiyyə İnstitutunun mütəxəssisi və tədqiqatın bu ölkə üzrə rəhbəri Şınar Abdrəhmanova həyata keçiriləcək araşdırma ilə bağlı logistik məsələləri ətraflı izah edib.
İSİM-in layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə və statistika, monitorinq və təhlil şöbəsinin müdir müavini İnara Makayevanın çıxışlarında bir daha vurğulanıb ki, Azərbaycanda uşaqların sağlamlığına xüsusi diqqət və qayğı göstərilir, bu baxımdan müasir dövrdə onların sağlam inkişafına təsir edən təhdidlərin araşdırılaraq təhlil olunması mühüm əhəmiyyət daşıyır.