Üzeyir Hacıbəylinin ev-muzeyində “Açıq qapı” günü keçirilmişdir
Bakı, 23 noyabr (AZƏRTAC). Üzeyir Hacıbəylinin vəfatının 65-ci ildönümü münasibətilə noyabrın 23-də dahi bəstəkarın ev-muzeyində “Açıq qapı” günü keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, həmin gün səhər tezdən muzeyin kollektivi Fəxri xiyabanda Üzeyir Hacıbəylinin məzarını ziyarət etmişdir.
Dahi bəstəkarın ev-muzeyində xatirə gecəsi keçirilmişdir. Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) katibi, Əməkdar İncəsənət Xadimi, Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru Sərdar Fərəcov Üzeyir Hacıbəylinin şərəfli ömür və yaradıcılıq yolundan söhbət açmışdır.
Həyat sübut etmişdir ki, dahi bəstəkarın əsərləri daim yaşayır və bundan sonra da yaşayacaqdır.
Dünya musiqi xəzinəsinə parlaq incilər bəxş edən Üzeyir Hacıbəyli Azərbaycanda peşəkar musiqinin banisi, bəstəkarlıq məktəbinin, musiqili komediya janrının yaradıcısıdır. O, Şərqdə operanın, operettanın əsasını qoymuş, xor və simfonik orkestr yaratmış, dünya musiqi xəzinəsini əbədiyaşar əsərləri ilə zənginləşdirmişdir. Üzeyir bəy dahi bəstəkar, musiqişünas alim olmaqla yanaşı eyni zamanda ictimai xadim, publisist, dramaturq və pedaqoq kimi də fəaliyyət göstərmişdir.
Xalq Artisti Canəli Əkbərov, bəstəkar-musiqişünas Nərgiz Şəfiyeva, ABİ-nin katibi, Əməkdar İncəsənət Xadimi, professor Zemfira Qafarova, tanınmış ədəbiyyatşünas, professor, şair Ənvər Əhməd və başqaları dahi bəstəkarın musiqi mədəniyyətimizə verdiyi dəyərli töhfələrdən danışmışlar.
Tədbirdə Üzeyir Hacıbəylinin əsərləri səsləndirilmiş, musiqili-ədəbi kompozisiya təqdim edilmişdir.