V4 ölkələrində orta və minimal əməkhaqqıların məbləği nə qədərdir?
Budapeşt, 16 sentyabr, AZƏRTAC
Macarıstan Həmkarlar İttifaqları Konfederasiyası işçi qüvvəsinin Qərbə miqrasiya sürətini yavaşıtmaq məqsədi ilə 26 yaşına qədər işçiləri gəlir vergisindən azad edən qanun qəbul etmiş Polşadan nümunə götürməyi tövsiyə edir. Həmkarların fikrincə, hökumətin bu addımı gəncləri xaricdə iş axtarmamağa təşviq edəcək.
AZƏRTAC Macarıstan KİV-lərinə istinadla xəbər verir ki, bu ölkədə orta və minimal əməkhaqqı Vışeqrad dördlüyünün digər ölkələrinin (Çexiya, Polşa, Slovakiya) orta göstəricilərindən aşağıdır. Çex Respublikasında xalis orta aylıq əməkhaqqı 932 avro, Slovakiyada 863 avro, Polşada 793 avro təşkil etdiyi halda, macar işçilər orta hesabla cəmi 701 avro alırlar. Macarıstan minimal aylıq əməkhaqqının məbləğinə görə də sonuncu yeri tutur: həmin rəqəm Polşada 379 avro, Slovakiyada 427 avro, Çexiyada 432 avro, Macarıstanda isə cəmi 305 avrodur.
Macarıstan iqtisadiyyatının lokomotivi olan avtomobil sənayesində orta aylıq əməkhaqqı 1118 avrodur. Çexiyada isə bu sahə üzrə ən yüksək orta göstərici ayda 1398 avrodur.
Digər tərəfdən, Polşada müəllimlərin orta aylıq əməkhaqqı 655 avro olduğu halda, Macarıstanda 709 avroya bərabərdir.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt