Bakı və Ankara regional liderlik yolunda: Orta Dəhlizin geosiyasi gücü
Bakı, 16 iyun, AZƏRTAC
Türkiyə və Azərbaycanın birlikdə qlobal siyasətə təsir etmək imkanı var. Bu imkanı gücləndirən amil iki ölkənin dost və qardaş olması ilə yanaşı, onların yerləşdiyi coğrafi məkandır. Azərbaycan Çindən Avropaya və əks istiqamətə uzanan ticarət yollarının üzərində yerləşir və bundan səmərəli istifadə edərək qaz ixracı üçün infrastrukturla yanaşı, tranzit yük daşımaq üçün də yollar, terminallar, limanlar inşa edir, potensialını artırır. Orta Dəhliz Azərbaycan üçün Çin, Mərkəzi Asiya, Cənubi Qafqaz, Türkiyə və Avropanı birləşdirmək imkanı yaradıb.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Türkiyənin Qaziantep Universitetinin professoru, beynəlxalq iqtisadiyyat üzrə ekspert Ali Fuat Gökçe deyib. O bildirib ki, Azərbaycan tranzit yolların qovuşduğu məkan olmaqla yanaşı, həm də türk dövlətlərinin birliyini təmin edən ölkədir. Türkiyə bu birlikdə Avropa ilə inteqrasiyanı əsaslandırır. Müasir dünyada gedən gərgin geosiyasi hadisələr, lokal münaqişələr, qlobal xarakterli müharibələr dövlətlərin iqtisadi inkişafının qarşısını alır. Buna baxmayaraq, dini, dili, mədəniyyəti, tarixi və milli mənəvi dəyərləri eyni kökə bağlanan türk xalqlarının əhatə etdikləri coğrafi məkan qarşılıqlı faydalı iqtisadi əməkdaşlıq üçün münbit imkanlar yaradır. 2009-cu ildə Naxçıvanda “Naxçıvan müqaviləsi” ilə əsası qoyulan Türk Dövlətlər Təşkilatı (TDT) bu gün yeni dünya nizamında xüsusi yer tutur.
Professor diqqətə çatdırıb ki, 4,5 milyon kvadratkilometr ərazini əhatə edən Türk dünyası böyük iqtisadi potensiala malikdir. Ötən il bu ölkələrin ÜDM-i 2,1 trilyon dolları ötüb, ümumi ticarət dövriyyəsi isə 1,1 trilyon dollara çatıb. Ticarət dövriyyəsini artırmaq üçün xidmətlər və investisiyalar üzrə azad ticarət sazişinin imzalanması istiqamətində işlər aparılır ki, bu da təbii olaraq təşkilata üzv olan ölkələr arasında ticarət və investisiya axınlarını artıracaq. TDT son 15 ildə sürətlə inkişaf edərək dinamik və məqsədyönlü regional struktura çevrilib: “Hazırda təşkilat ticarət, enerji, nəqliyyat, innovasiya, rəqəmsallaşma da daxil olmaqla ümumilikdə 35-dən çox sahədə fəaliyyət göstərir. Əsas məqsəd Türk dünyasının qlobal təsirini genişləndirməkdir. Orta Dəhliz (Trans-Xəzər marşrutu) və Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu kimi regiondaxili əlaqələrin genişlənməsinə töhfə verən əsas layihələrlə strateji infrastrukturun inkişafı prioritet olaraq qalmalıdır”.
Ekspert bildirib ki, Azərbaycanın Mərkəzi Asiya ilə Türkiyənin arasında yerləşməsi və Qarabağın işğaldan azad edilməsi yeni dəhlizin yaranması zərurətini meydana çıxarıb. Orta Dəhlizin davamı olan Zəngəzur dəhlizi Prezident İlham Əliyevin dediyi kimi, qitələri birləşdirən mühüm nəqliyyat bağlantısı olacaq. 2030-cu ilə kimi Orta Dəhlizlə daşınan yüklərin həcminin 11 milyon tona çatdırmaq planlaşdırılıb. Məsələnin mahiyyəti ondan ibarətdir ki, Türk dünyasının şərq hissəsində Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu xətti çəkilir, qərb hissəsində isə Zəngəzur dəhlizi tikilir. Bu iki layihə tam reallaşdıqdan sonra Avropa ilə Asiyanın kəsişmə nöqtəsinə çevriləcək Azərbaycan iqtisadi divident, dayanıqlı inkişaf və siyasi sabitlik əldə edəcək ki, bu faktın özü TDT-nin möhkəmlənməsinə xidmət etmiş olacaq.
“Zəngəzur dəhlizi Türkiyə-Azərbaycan əlaqələrinin inkişafına xüsusi töhfə verəcək. İki qardaş ölkə arasında iqtisadi və ticarət əlaqələri inkişaf edəcək. Türkiyənin qərbindəki Rize, Samsun, Trabzon, Ərzurum, Ərdahan, Qars kimi bölgələrdən Azərbaycana getmək üçün İstanbul və Ankaraya gəlib təyyarə ilə uçmağa məcbur qalmayacaqlar. Onlar dəmir yolu ilə - Zəngəzur dəhlizi vasitəsilə birbaşa Azərbaycana səfər edə biləcəklər. Eynilə Azərbaycan əyalətlərindən də Türkiyəyə birbaşa qatarla gəlmək mümkün olacaq. Bütün bunlar birliyi gücləndirən və onun qlobal təsirini artıran amillərdir”, - deyə professor əlavə edib.