Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin Qars şəhərində rəsmi səfərdə olub
Bakı, 16 iyun, AZƏRTAC
Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi, tərkibinə Naxçıvan Muxtar Respublikasının prokuroru Sənan Paşayev və Naxçıvan hərbi prokuroru Aqil Axundovun da daxil olduğu nümayəndə heyəti Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Muhsin Şentürkün dəvəti ilə iyunun 15-də qardaş ölkənin Qars şəhərinə rəsmi səfər edib.
Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, nümayəndə heyəti ilk olaraq xalqımızın Ümummilli Lideri Heydər Əliyevin şərəfinə Qars şəhərində salınmış parkı ziyarət edib, orada dünyaşöhrətli siyasi xadimin abidəsinin önünə gül dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad edib.
Qars Baş Prokurorluğunda Kamran Əliyevlə türkiyəli həmkarı Muhsin Şentürk arasında keçirilən görüş zamanı qeyd edilib ki, iki dövlət arasında strateji münasibətlər hüquq-mühafizə orqanları arasında əməkdaşlığın da dinamik inkişafına müsbət təsirini göstərir.
Xüsusi vurğulanıb ki, görüşün 15 İyun - Milli Qurtuluş Günündə keçirilməsi də rəmzi məna daşıyır. Belə ki, Azərbaycan ilə Türkiyə arasında münasibətlərin təməlində məhz müstəqil Azərbaycanın banisi, Ümummilli Lider Heydər Əliyevin “bir millət, iki dövlət” yanaşması dayanır. Dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın sıx dostluq münasibətləri və siyasi iradələri sayəsində isə bu qardaşlıq əlaqələri daha da dərinləşib. 15 iyunda həm də imzalanmasının 5-ci ildönümü qeyd edilən hər iki dövlət arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi də bunun bariz sübutudur.
Səmimi qəbula və yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirən Kamran Əliyev qeyd edib ki, hazırkı səfərin əsas məqsədi sərhədyanı bölgələrin prokurorluq orqanları arasında əlaqələrin gücləndirilməsidir. Bu transmilli xarakter daşıyan cinayətlərə qarşı mübarizənin səmərəliliyinin artırılmasına töhfə verməklə yanaşı, sərhəd regionlarında yaşayan vətəndaşlarının rastlaşdıqları hüquqi çətinliklərin operativ şəkildə aradan qaldırmasına da xidmət etmiş olur. Eyni zamanda, bu əməkdaşlıq mütərəqqi təcrübələrin mübadiləsi və hər iki dövlətin hüquqi sistemlərinin inkişafına da müsbət təsirini göstərir.
Öz növbəsində Muhsin Şentürk Azərbaycan ilə əlaqələrin inkişafına xüsusi önəm verildiyini qeyd edərək cari ilin aprel ayında Bakı şəhərinə etdiyi səfəri məmnunluqla xatırladıb, keçirilmiş görüşlərin ikitərəfli əlaqələrin inkişafında xüsusi rol oynadığını bildirib.