FAO: Dayanıqlı İnkişaf Məqsədlərinin maliyyələşdirilməsində özəl kapitalın rolu artırılmalıdır
Bakı, 16 iyun, AZƏRTAC
Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olunması üçün qlobal maliyyə çatışmazlığının aradan qaldırılmasında özəl kapitalın səfərbər edilməsi mühüm əhəmiyyət daşıyır. Hazırda dünyada DİM-lərin maliyyələşdirilməsi üzrə təxminən 4 trilyon dollar həcmində maliyyə boşluğu mövcuddur.
AZƏRTAC xəbər verir ki, bu sözləri BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Nasar Hayat İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində keçirilən 8-ci SDG Dialoqu: “Davamlı İnkişaf üçün İnnovativ Maliyyələşmə – Yardımdan və Ənənəvi Rəsmi İnkişaf Yardımından (ODA) kənar yanaşmalar” adlı sessiyada çıxışı zamanı deyib.
O bildirib ki, bir çox inkişaf etməkdə olan ölkələrin güzəştli maliyyə resurslarına çıxışda çətinliklərlə üzləşməsi yeni maliyyə mexanizmlərinin tətbiqini zəruri edir.
“Özəl kapitalın daha fəal cəlb olunması, daxili resursların səfərbər edilməsinin gücləndirilməsi, eləcə də İslam maliyyəsi, qarışıq maliyyələşdirmə alətləri, rəqəmsal maliyyə və kapital bazarlarından istifadənin genişləndirilməsi DİM-lərin həyata keçirilməsinə töhfə verə bilər. Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq istəyiriksə, özəl kapital əlavə resurs deyil, zəruri amildir”, – deyə o vurğulayıb.