Ahıllar evinin sakinləri beynəlxalq festivalda ikinci yerə çıxıblar
Bakı, 16 iyun, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin sakinləri “Gimnastika hamı üçün” 4-cü Bakı beynəlxalq festivalında iştirak ediblər.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Fəvvarələr meydanında təşkil olunan turnirdə 7 ölkədən 60 komanda yer alıb.
İştirakçılar iki yaş kateqoriyası - 50 yaşdan aşağı və 50 yaşdan yuxarı proqramlar üzrə öz bacarıqlarını nümayiş etdiriblər.
Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin komandası turnirdə “70-ci illərin gəncləri” komandası ilə təmsil olunub və uğur əldə edib.
Ümumilikdə 900 nəfərin iştirak etdiyi turnirdə ahıllar rəngarəng çıxışları ilə ikinci yerə layiq görülüblər.
Qeyd edək ki, müəssisənin yarışda iştirak edən sakinləri üçün mütəxəssislər tərəfindən intensiv məşqlər təşkil edilib. Onlar məşq zamanı müxtəlif rəqslər, fləşmob çıxışları və sadə akrobatik hərəkətlər icra ediblər.