Bolonyada Milli Qurtuluş Gününə həsr olunmuş sərgi açılıb
Bakı, 16 iyun, AZƏRTAC
İtaliyanın Bolonya şəhərində yerləşən “Palazzo Fava Mascerotti” məkanında Milli Qurtuluş Gününə həsr olunmuş “Zamanın rəngləri: Azərbaycan rəssamlarının baxışı” adlı Azərbaycan rəssamlarının qrup sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində Bolonya şəhərinin, rəsmiləri, incəsənət və akademik dairələrinin nümayəndələri, media təmsilçiləri və burada yaşayan həmvətənlərimiz iştirak ediblər.
Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov çıxışında Ümummilli Lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də hakimiyyətə yenidən qayıdaraq Azərbaycanı güclü ölkəyə çevirmək istiqamətində misilsiz xidmətlərindən danışıb.
Azərbaycan ilə İtaliya arasında strateji xarakter daşıyan əməkdaşlıqdan bəhs edən səfir mədəniyyət və təhsilin bu əməkdaşlıqda böyük rol oynadığını vurğulayıb.
Daha sonra Azərbaycanın İtaliyadakı Mədəniyyət Mərkəzinin direktor müavini Gülnar Tağızadə sərgi haqqında ətraflı məlumat verib, Ulu Öndərin mədəniyyətin xalqlar arasında dostluğa təsir edən ən güclü vasitələrdən biri olduğunu bildirib.
Xatırladaq ki, sərgi Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümü ilə bağlı ilk dəfə Romada nümayiş olunmuş və bu çərçivədə səyyar sərgi qismində İtaliyanın müxtəlif şəhərlərində sərgilənir.
14 rəssamın 31 rəsm əsəri və 3 heykəltaraşlıq nümunəsinin nümayiş olunduğu sərgi Bolonya şəhərində iyunun 21-dək ictimaiyyət üçün açıq olacaq.