CƏMİYYƏT
V Uşaq Forumunun iştirakçıları üçün yay məktəbi işə başlayıb VİDEO
Bakı, 30 avqust, AZƏRTAC
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, “Regional İnkişaf” İctimai Birliyi və UNICEF-in Azərbaycandakı nümayəndəliyinin birgə əməkdaşlığı çərçivəsində bu ilin noyabr ayında baş tutacaq Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumuna hazırlıq məqsədilə avqustun 30-da iştirakçılar üçün “Lider olmaq istəyirəm!” adlı 10 günlük yay məktəbi işə başlayıb.
AZƏRTAC xəbər verir ki, sentyabrın 10-dək davam edəcək yay məktəbində Foruma seçim turlarında fəallığı ilə seçilən uşaqlar, həmçinin şəhid və qazi övladları da daxil olmaqla, 60 nəfər iştirak edir.
Yay məktəbinin fəaliyyəti barədə məlumat verən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq hüquqları şöbəsinin müdiri Cəmilə Bağırova deyib: “Yay məktəbinin keçirilməsində məqsəd uşaqları Forumda müzakirə ediləcək mövzularla bağlı məlumatlandırmaq, onların iştiraka hazırlanması, tədbirlərin idarə edilməsi, liderlik keyfiyyətlərinin formalaşdırılması sahəsindəki bilik və bacarıqlarının artırılmasıdır”.
3 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzinin Nəsimi rayon filialında fəaliyyətə başlayan “Lider olmaq istəyirəm” yay məktəbinin açılış mərasimindən əvvəl iştirakçılar Azərbaycanın Dövlət Himnini oxuyub, şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Layihəni açıq elan edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva iştirakçıları salamlayıb və yay məktəbinin uşaqlar üçün maraqlı keçəcəyinə əminliyini bildirib.
Aynur Sofiyeva liderlik qabiliyyəti olan uşaqlara uğurlar arzulayıb, məqsədlərinə çatmaq üçün yeganə yolun əmək və zəhmətdən keçdiyini vurğulayıb.
Daha sonra Azərbaycan uşaq forumlarının fəaliyyətinə dair videoçarx nümayiş olunub.
İlk olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Beynəlxalq əlaqələr protokol şöbəsinin müdiri Fərid Ədilovun moderatorluğu ilə “Uşaq hüquqları: bərabər imkanlar” mövzusunda interaktiv təlim keçirilib. Sonra “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin sədri Kəmalə Aşumovanın iştirakı ilə “Uşaqların şəxsiyyət kimi formalaşmasında ailə və cəmiyyətin rolu” mövzusunda növbəti təlim təşkil edilib.
On gün ərzində uşaqlar karantin qaydalarına uyğun olaraq iki qrupda aidiyyəti mövzular üzrə mütəxəssislər və ekspertlərin keçirdiyi təlimlərə qatılacaqlar. Bununla yanaşı, müxtəlif interaktiv bilik yarışları, əyləncəli oyunlar keçiriləcək, uşaqların hazırladıqları təqdimatlar, çıxışlar dinləniləcək.