VAKANT DÖVLƏT QULLUĞU VƏZİFƏLƏRİNİN TUTULMASI MƏQSƏDİ İLƏ KEÇİRİLƏN MÜSABİQƏNİN SÖHBƏT MƏRHƏLƏSİ BAŞLAYIR
AZƏRTAC xəbər verir ki, fevralın 8-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 29 dövlət orqanında inzibati vəzifələrin altıncı - doqquzuncu təsnifatlarına uyğun olan 476 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsabiqə elan etmişdi.
Müsabiqədə iştirak etmək üçün sənəd qəbulu martın 11-də başa çatmış, 1717 namizəd (1287 kişi və 430 qadın) qeydə alınmışdır.
Martın 19-da dövlət qulluğuna qəbulun birinci mərhələsi olan test imtahanı keçirilmiş və 324 namizəd (bütün namizədlərin 18,87 faizi) qanunvericiliyə müvafiq surətdə test imtahanından mümkün olan baldan ən azı 80 faizini toplayaraq bu mərhələni uğurla başa vurmuşdur.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada aprelin 9-da müsabiqənin ikinci mərhələsi olan söhbət mərhələsinin keçirilməsinə başlanılacaqdır. Söhbət mərhələsi mayın 23-dək davam edəcəkdir.
Söhbət namizədin dövlət quluqçusu üçün zəruri olan keyfiyyətlərini (vətənpərvərlik, iradə, problemi həlletmə - qərarvermə, analitik təhlil və s.) müəyyən etmək məqsədi daşıyır.
İmtahanın nəticələri, söhbət mərhələsinin keçirilməsi cədvəli barədə daha ətraflı məlumatı komissiyanın rəsmi vebsaytında www.csc.gov.az və ya www.dqmk.gov.az almaq olar.