VAKANT DÖVLƏT QULLUĞU VƏZİFƏLƏRİNİN TUTULMASI ÜÇÜN YENİ MÜSABİQƏ ELAN EDİLMİŞDİR
Bakı, 4 fevral (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (DQMK) fevralın 5-də 42 dövlət orqanında inzibati vəzifələrin VI-IX təsnifatlarına uyğun olan 771 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsabiqə elan etmişdir.
Vakant dövlət qulluğu vəzifələrinin 727-si mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarında, 44-ü isə apellyasiya və yerli məhkəmə orqanlarının aparatlarındadır.
Vakant vəzifələrdən 226-sı inzibati vəzifələrin VI , 55-i inzibati vəzifələrin VII, 25-i inzibati vəzifələrin VIII, 465-i isə inzibati vəzifələrin IX təsnifatlarına aiddir.
İlk dəfə olaraq müsabiqəyə apellyasiya və yerli məhkəmə orqanlarında inzibati vəzifələrin altıncı-doqquzuncu təsnifatlarına uyğun olan 44 vakant dövlət qulluğu vəzifəsi çıxarılır. Bunlardan 22-si hakim köməkçisi, 13-ü isə məhkəmə iclasının katibi vəzifəsidir.
Müsabiqənin test imtahanı zamanı namizədlərin dünyagörüşü, dünya, əsasən də Azərbaycan tarixi, coğrafiyası, mədəniyyəti, müasir beynəlxalq münasibətlər, eləcə də qanunvericilik, informasiya texnologiyaları və məntiqi düşünmə qabiliyyəti sahələri üzrə bilikləri yoxlanılacaqdır.
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə uyğun olaraq, müsabiqəyə çıxarılmış vakant dövlət qulluğu vəzifələrinin tutulma prosesi iki mərhələdən-test imtahanı və müsahibə mərhələlərindən ibarətdir. Müvafiq vəzifənin tələblərinə uyğun gələn, ali təhsilli hər bir Azərbaycan Respublikasının vətəndaşı müsabiqədə iştirak edə bilər.
Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşları öz sənədlərini 30 gün müddətində komissiyaya şəxsən və ya poçtla təqdim etməlidirlər.
Müsabiqəyə dair ətraflı məlumat “Respublika” qəzetinin 2010-cu il 5 fevral tarixli sayında və DQMK-nın rəsmi internet saytında (www.dqmk.gov.az, www.csc.gov.az) yerləşdirilmişdir.