Valeri Çeçalaşvili: Azərbaycanın tranzit rolu region üçün çox vacibdir
Tbilisi, 22 may, AZƏRTAC
Azərbaycanın tranzit rolu region üçün çox vacibdir. Çünki Azərbaycan Cənubi Qafqazın üç dövlətindən Xəzər dənizinə çıxışı olan yeganə ölkədir. Regiondan keçən bütün tranzit axınlar Xəzər vasitəsilə Azərbaycana daxil olur. Digər tərəfdən, Gürcüstan Cənubi Qafqazın üç ölkəsindən Qara dənizə çıxışı olan yeganə dövlətdir. Buna görə də Azərbaycan–Gürcüstan bağlantısı çox mühüm əhəmiyyət daşıyır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Gürcüstan Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Valeri Çeçalaşvili deyib.
Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında sülh prosesinin inkişaf etməsi də region üçün çox vacibdir: “Çünki bu, regionun tranzit funksiyasını daha da zənginləşdirir. Yeni Zəngəzur layihəsi Azərbaycanın ərazisindən, Ermənistan üzərindən və daha sonra Naxçıvan Muxtar Respublikasından keçərək Türkiyəyə və Yaxın Şərqə qədər uzanır. Bu da mühüm əhəmiyyəti olan bir layihədir.
TRIP layihəsi regionumuzun tranzit funksiyasını ciddi şəkildə zənginləşdirir. Buna görə ümumilikdə belə bir vəziyyət formalaşır ki, Cənubi Qafqazın ümumi nəqliyyat-kommunikasiya komponentlərinin müxtəlif elementlərinin inteqral təsiri unikal bir şərait yaradır və mən əminəm ki, bu, regionumuza milyonlarla ton yeni yük axını cəlb edəcək”.
“Məhz buna görə də hesab edirəm ki, Bakı–Tbilisi–Qars dəmir yolunun tammiqyaslı istifadəyə verilməsi ilə bağlı ikitərəfli formatda sazişin imzalanması çox vaxtında atılmış addımdır” – deyə Çeçalaşvili bildirib.
Ekspert deyib ki, Azərbaycan, Gürcüstan və Ermənistanın nəqliyyat-kommunikasiya imkanlarının birlikdə formalaşması Cənubi Qafqazın regional tranzit-kommunikasiya subyektliyini artırır. Biz əvvəllər belə imkanlara malik deyildik və bunun çatışmazlığından həm Azərbaycan, həm Gürcüstan, həm də Ermənistan əziyyət çəkirdi.
İndi isə biz maraqları bir-birinə qarşı qoymaq əvəzinə, onları birləşdiririk və bunun nəticəsində həm fərdi ölkələr, həm də region bütövlükdə kumulyativ effekt əldə edir. Bu da Cənubi Qafqazın təhlükəsizliyinin, rifahının və inkişaf perspektivlərinin möhkəmlənməsi üçün çox mühüm amilə çevrilir”.
Onun sözlərinə görə, bu proses avtomatik baş verməyəcək: “Bu, çox ciddi, peşəkar və səriştəli iş tələb edir və bu iş üç dövlətin hamısı tərəfindən aparılmalıdır. Təkcə prezidentlər və baş nazirlər deyil, həm də nazirlər və orta səviyyəli idarəetmə strukturlarında çalışan məmurlar tərəfindən hər gün bu istiqamətdə fəaliyyət göstərilməlidir. Bu iş qarşılıqlı inteqrasiya xarakteri daşımalı, çox canlı və aktiv olmalıdır. Çünki bütün üstünlüklərimizə baxmayaraq, qarşıda bizi çox ciddi rəqabət gözləyir”.