VANKUVERDƏ 2010-CU İL QIŞ OLİMPİADASI MEDALLARININ TƏQDİMATI OLMUŞDUR
Bakı, 17 oktyabr (AZƏRTAC). Vankuverdə 2010-cu il Qış Olimpiadası medallarının təqdimat mərasimi keçirilmişdir. Hər bir mükafat dizaynerlər Korinn Xant və Omer Arbelin Kanadanın yerli xalqlarının incəsənət ənənələri üslubunda yaratdıqları nadir əsərdir.
Arbel demişdir: “Vankuverdə keçiriləcək Olimpiya oyunlarında eyni naxışlı iki medal olmayacaqdır.Ümumi təsvir isə bütün medallar bir yerə toplandıqda görünəcəkdir”.
Dizaynerlər Olimpiya mükafatlarının əsas təsviri kimi, bu yerlərin rəmzi hesab edilən nəhəng delfin növlərindən birini seçmişlər. Paralimpiya medallarında isə dizaynerlər hindu totemlərinə xarakterik olan qarğanın müəyyən üsluba salınmış təsvirini yerləşdirmişlər.
Olimpiya oyunları tarixində ilk dəfə olaraq medallar hamar deyil, dalğavari şəkildə hazırlanmışdır. Təkrarolunmaz dizayn ilə yanaşı, 2010-cu il Olimpiya oyunlarının mükafatları əvvəlkilərə nisbətən ağırdır: onların çəkisi 500-576 qrama bərabərdir. Medalları idmançıların xahişi ilə ağırlaşdırmışlar.
Medalların hazırlanmasına 2,05 kiloqram qızıl sərf ediləcəkdir: hər medala 6 qram qiymətli metal düşür. Mükafatların istehsalında, həmçinin 903 kiloqram mis, 1950 kiloqram gümüşdən istifadə ediləcəkdir. Olimpiya oyunları başlanana qədər Ottava şəhərindəki Kanada Kral zərbxanasında 615 Olimpiya və 399 Paralimpiya medalları hazırlanacaqdır.
2010-cu il Olimpiya oyunlarının təşkilat komitəsinin rəhbəri Con Ferlonq medalların təqdimat mərasimində bildirmişdir ki, həmin medallar idmançıların uzun illər davam edən məşqlərinə layiqli mükafat, nəsillərə və dünya ölkələrinə ilham mənbəyi olacaqdır.