İQTİSADİYYAT
VERGİLƏR NAZİRLİYİ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Ötən həftə Bakı şəhəri üzrə vergilər idarələrinin operativ nəzarət şöbələri Yasamal, Nəsimi və Suraxanı rayonları ərazisində nağd pul hesablaşmaları qaydalarına nəzarət məqsədi ilə bir sıra obyektlərdə reydlər keçirmişlər.
Vergilər Nazirliyinin mətbuat xidməti bildirir ki, reyd zamanı Yasamal rayonu ərazisində vergi uçotunda olmayan dondurma, üzlük daş materiallar və mebel hazırlayan sexlər aşkarlanmışdır. Fiziki şəxslərə məxsus bu obyektlərdə vergi xidməti əməkdaşlarına ilkin sənədlər belə təqdim edilməyibdir. İstehsal üçün zəruri olan xammal və köməkçi materialların qeyri-rəsmi yolla əldə olunduğu müəyyən edilibdir. Həmçinin sexlərdə istehsalın qeyri-münasib şəraitdə aparıldığı nəzərdən qaçmayıb. Yasamal rayonu ərazisində daha bir pozuntu “Məktəbli-iaşə-3” firmasına məxsus sex də aşkarlanıbdır. Sexdə “Halal mal farşı” etiketli məhsullar antisanitar şəraitdə hazırlanmaqla yanaşı, məhsulun üzərində nə istehsal, nə də saxlama müddəti qeyd edilir. Bu da həmin malların əhalinin istehlakı üçün təhlükəli olmasına dəlalət edir. Həmçinin farşın hazırlanması üçün əldə edilən ət məhsullarının mənbəyini təsdiq edən sənəd mövcud deyildir. Firmanın direktoru Əzizağa Sultanov vergi xidməti əməkdaşlarına bildirib ki, farşın hazırlanması üçün ət məhsullarını yol kənarlarında qanunsuz fəaliyyət göstərən küçə ticarətçilərindən əldə edir. O, həmçinin bildirib ki, firma hazırladığı mal farşını orta məktəblərə göndərir.
Nəsimi rayonu ərazisində “Nur” şirniyyat mağazasında, “Əfv” və “Naxçıvan” kafelərində reydlər zamanı əhali ilə nağd pul hesablaşmaları qaydalarına riayət edilmədiyi, ilkin sənədlərin mövcud olmadığı qeydə alınıbdır. Suraxanı rayonu ərazisində saxta araq istehsal edən mini-sex, bir sıra ticarət və ictimai iaşə obyektlərində isə nağd pul hesablaşmaları qaydalarının ciddi pozulduğu aşkar olunubdur.
Reydlər zamanı aşkarlanan bütün pozuntularla əlaqədar qanunamüvafiq qaydada tədbir görülür və vergi xidməti orqanları bu istiqamətdə fəaliyyəti davam etdirirlər.