VERGİLƏR NAZİRLİYİNDƏ GENİŞ KOLLEGİYA İCLASI KEÇİRİLMİŞDİR
İclası giriş sözü ilə açan vergilər naziri Fazil Məmmədov ilin birinci yarısında vergi orqanları qarşısında duran vəzifələrin icrasına dair məlumat vermiş, vergi daxilolmalarının vəziyyəti, həmçinin vergi xidmətində aparılan islahatlar barədə fikirlərini söyləmişdir. Nazir bildirmişdir ki, dövlətimizin başçısı iri vergi ödəyicilərindən daxilolmaların vəziyyəti ilə bağlı konkret tapşırıqlar vermiş, ölkəmizin rəhbərliyinin yürütdüyü vergi siyasətinin yeni istiqamətlərini müəyyən etmişdir.
Geniş məruzə ilə çıxış edən vergilər nazirinin müavini Natiq Əmirov vergitutma bazasının genişləndirilməsi, iri vergi ödəyicilərinin, o cümlədən səhmdar cəmiyyətlərinin və şirkətlərin vergilərini tam şəkildə dövlət büdcəsinə ödəməsi ilə bağlı məsələlər barədə danışmış, Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasında səsləndirdiyi və Vergilər Nazirliyi tərəfindən icra olunmalı tapşırıqları xüsusi vurğulamışdır. Məruzəçi həmin tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar mövcud vəziyyətin təhlilini vermiş, nöqsanları qeyd etmiş və onların aradan qaldırılması yolları barədə fikirlərini söyləmişdir.
Tədbirdə Vergilər Nazirliyinin əlaqədar strukturlarının rəhbərləri də çıxış etmişlər.
Geniş kollegiya iclasına yekun vuran vergilər naziri Fazil Məmmədov, ölkəmizin Prezidentinin qarşıya qoyduğu vəzifələrin icrası ilə bağlı konkret göstərişlər vermiş, vergi orqanlarının bütün əməkdaşlarının səyləri artırmalarının vacibliyini vurğulamışdır.