Vergilər Nazirliyinin Apellyasiya Şurasında keçən il 108 şikayətə baxılıb
Bakı, 28 yanvar, AZƏRTAC
2019-cu ildə Vergilər Nazirliyinin Apellyasiya Şurasında 108 şikayətə baxılıb.
AZƏRTAC nazirliyə istinadla xəbər verir ki, bunlardan 10-u səyyar vergi yoxlamaları, 48-i kameral vergi yoxlamaları, 17-si operativ vergi nəzarəti tədbirləri, 29-u vergi hesabatının müəyyən olunmuş müddətdə təqdim edilməməsi, 4-ü isə digər məsələlərlə bağlı olub. Daxil olmuş şikayətlərdən 48 vergiödəyicisinin müraciətinə mahiyyəti üzrə baxılıb. Belə ki, həmin şikayətlərdən 29-u tam, 2-si qismən təmin edilib, 17 vergiödəyicisinin şikayəti isə təmin olunmayıb.
Şikayətlərdən 60-na onun predmeti üzrə məhkəməyə müraciət edilməsi və ya şikayətin məhkəmədə icraatda olması, yaxud məhkəmənin qanuni qüvvəyə minmiş qərarının olması, şikayətin verilmə müddətinin buraxılması, şikayətin geri götürülməsi və şikayətə baxılması Apellyasiya Şurasının predmeti olmaması səbəbindən mahiyyəti üzrə baxılmayıb.
Ötən il Şura tərəfindən baxılmış 3 şikayət üzrə qərardan vergiödəyiciləri tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasına təkrar şikayətlər verilib. Lakin sözügedən instansiya tərəfindən çıxarılmış qərarlar ilə şuranın gəldiyi nəticə əsaslı hesab edilərək dəyişdirilmədən saxlanılıb.
Vergiödəyicilərində vergi nəzarəti tədbirləri, habelə vergi yoxlamaları keçirilən zaman vergi qanunvericiliyinin və Vergilər Nazirliyinin normativ sənədlərinin tələblərinə ciddi əməl olunması, həmçinin vergiödəyicilərinin məmnunluğunun təmin edilməsi, bununla belə dövlət büdcəsinə vergiləri ödəməkdən yayınan vergiödəyiciləri barədə Vergi Məcəlləsinə uyğun olaraq tədbirlərin görülməsi məqsədilə şuranın qərarlarının Vergilər Nazirliyinin aidiyyəti struktur vahidlərinə və bölmələrinə mütəmadi olaraq göndərilməsi təmin edilib.