Vətən müharibəsi qaziləri ilə görüşlər davam etdirilir
Bakı, 31 may, AZƏRTAC
Vətən müharibəsi qazilərinə psixoloji, mənəvi, hüquqi dəstək verilməsinə dair Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) və Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyası ilə birgə təşkil olunmuş görüşlər davam etdirilir.
BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, rayon icra hakimiyyətlərinin müvafiq şöbələri, ictimai fəalların iştirakı ilə keçirilən görüşlərdə qazilərə mənəvi dəstək, hüquqi məsləhət, onların paralimpiya hərəkatına cəlb olunması və digər məsələlər müzakirə edilib. Həmçinin qaziləri maraqlandıran suallar cavablandırılıb, müraciətləri aidiyyəti qurum və təşkilatların diqqətinə çatdırılması üçün qeydə alınıb. Bundan başqa, qazilərimizi ölkəmizdə keçirilməsi nəzərdə tutulan “Zəfər kuboku” adlı qılıncoynatma yarışında iştiraka cəlb etmək də görüşlərin əsas hədəfləri arasındadır.
Xətai rayonunda təşkil olunan görüşdə Baş İdarənin rəisi Raqif Abbasov, Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyasının prezidenti Asəf Məlikov, Xətai Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Anar Məmmədov və digər şəxslər iştirak edib, qazilərə göstərilən diqqət və qayğıdan danışıb, onların problemlərini dinləyiblər.
Göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə edən qazilər Vətənimizin keşiyində durmağa daim hazır olduqlarını bildiriblər. Qazilər maraqlı görüş üçün bu layihədə zəhməti keçən hər kəsə təşəkkür ifadə edib, göstərilən dəstəyin onlar üçün çox əhəmiyyətli olduğunu diqqətə çatdırıblar.
Qeyd edək ki, artıq Xəzər və Suraxanı rayonlarında Vətən müharibəsi qazilərinə psixoloji, mənəvi və hüquqi dəstək verilməsi üzrə görüşlər keçirilib. Növbəti həftə Sabunçu rayonunda yaşayan qazilərlə belə görüşlərin keçirilməsi planlaşdırılır. Ümumiyyətlə, layihənin respublikamızın bütün bölgələrində yaşayan qaziləri əhatə etməsi nəzərdə tutulub.