Vətən müharibəsi qazisi: Bilsəm ki, öləcəyəm, yenə də döyüşə getməyə hazıram
Tbilisi, 7 noyabr, AZƏRTAC
Bu gün Azərbaycanın ən xoşbəxt övladlarından biriyəm. Qarabağımızın azad olunması istiqamətində gedən döyüşlərdə iştirak etmişəm, qazanılan uğurda azda olsa, payım var.
Bunu AZƏRTAC-a müsahibəsində İkinci Qarabağ müharibəsi qazisi, hazırda Gürcüstanda müalicə olunan Şaban Süleymanov söyləyib.
Ş.Süleymanov deyib ki, torpaqlarımızın düşmən tapdağından azad edilməsi uğrunda bir neçə döyüşdə iştirak edib. Amma Tərtər və Ağdərə istiqamətlərində gedən döyüşlərdə yaralanıb. “O vaxt geri qalmaq istəmirdim. Həkimlərdən xahiş edirdim ki, imkan daxilində məni tez müalicə etsinlər. Amma müalicəm uzun sürdü. Ayaqlarımı itirə bilərdim. Bununla belə, ruhdan düşmürdük. Bütün qazilərimiz kimi, mən də Qələbə xəbərini xəstəxanada aldım. Həmin an sevindiyimdən uşaq kimi ağlamışdım. Gözlərimdən axan sevinc yaşları idi. Əgər mənfur qonşularımız yenidən müharibəyə can atsalar, öləcəyimi bilsəm belə, yenə də Vətənim uğrunda döyüşə gedərəm”, - deyə Ş.Süleymanov vurğulayıb.
Qazinin dostları Ramel Həsənov və İlkin Allahyarov onunla qürur duyduqlarını bildirirlər. “Biz də döyüşlərdə iştirak etmək istəyirdik. Amma Gürcüstan vətəndaşı olduğumuz üçün belə bir imkanımız yox idi. Bununla belə, Azərbaycana dəstəyimizi başqa yolla göstərmişik”, - deyə onlar qeyd ediblər.
Qeyd edək ki, Ş.Süleymanov Azərbaycan Prezidentinin sərəncamları ilə “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi