Vətən müharibəsində fərqlənən yevlaxlı qazi və müharibə veteranlarına döyüş medalları təqdim edilib
Yevlax, 7 avqust, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatının inzibati binasında Vətən müharibəsində fərqlənən yevlaxlı qazı və müharibə veteranlarına döyüş medalları təqdim edilib.
AZƏRTAC xəbər verir ki, Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, YAP Yevlax rayon təşkilatının sədri, Milli Məclisin deputatı İlham Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin rəisi Samir Qurbanovun iştirak etdiyi və çay süfrəsi arxasında, açıq dialoq şəklində təşkil edilən görüşdə müharibə iştirakçıları və qazilərlə səmimi söhbət aparılıb, onların sual, müraciət və təklifləri dinlənilib və aidiyyəti üzrə qeydə alınıb.
Şəhər icra hakimiyyətinin başçısı Anar Tağıyev görüşdə çıxış edərək bildirib ki, Vətən müharibəsi Azərbaycan hərbçisinin nəinki Qafqaz regionunda, həmçinin dünyada ən peşəkar, ən qətiyyətli döyüşçü olduğunu sübut etdi. Eyni zamanda, bu Qələbə Azərbaycan Silahlı Qüvvələrinin dünyanın ən güclü orduları sırasında olduğunu göstərdi. Prezident İlham Əliyev ordu quruculuğu siyasətini elə bir zirvəyə ucaltdı ki, artıq dünya dövlətləri bizimlə hesablaşır. Müzəffər Ali Baş Komandanımızın “dəmir yumruğu” tək Azərbaycana deyil, bütün Qafqaza sülh, ədalət, inkişaf gətirdi. Dövlətimizin başçısı tarixi ədaləti bərpa etdi, 30 ilə yaxın işğal altında qalan Azərbaycan torpaqlarını düşmən tapdağından qurtardı. Qazi və döyüşçülərə xitabən qeyd edildi ki, “Sizlər öz cəsarətinizlə Yevlaxın şərəf salnaməsini yaratmısınız”.
Sonra Milli Məclisin deputatı İlham Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin rəisi Samir Qurbanov çıxış edərək düşmənə qarşı vuruşan döyüşçülərin qalibiyyət əzminin onların yenilməzliyinin təməlində dayanan başlıca cəhət olduğunu bildirdilər. Vurğulandı ki, bizi Qələbə zirvəsinə ucaldan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qeyrətli və vətənpərvər oğullarımız 44 günlük Vətən müharibəsində erməni işğalçılarını məğlub etdilər, torpaqlarımızın düşmən tapdağında qalmasına son qoydular, uzun illər həsrətini çəkdiyimiz yurdlarımızda üçrəngli bayrağımızı qaldırdılar.
Tədbirdə Vətən müharibəsində fərqlənən yevlaxlı qazi və müharibə veteranlarına döyüş medalları təqdim edilib.