Vətən müharibəsində Qələbənin birinci ildönümünə həsr olunmuş tədbir keçirilib
Bakı, 4 noyabr, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli filialında Vətən müharibəsində möhtəşəm Qələbənin 1-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirin keçirilməsində məqsəd Vətən müharibəsində yaralanmış qazilərimizi, şəhidlərimizi, onların göstərdikləri igidlik və şücaəti ictimaiyyətə, uşaq və gənclərə tanıtmaq, onları vətənə məhəbbət ruhunda tərbiyə etməkdən ibarət olub.
Əvvəlcə tədbirdə Dövlət Himni səsləndirilib və ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olan qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri kitabxananın müdiri Zülfiyyə Əliyeva açaraq qazilərimiz və şəhidlərimizlə daim fəxr etdiyini vurğulayıb. Sonra şairə Esmira Günəş çıxışında Pirallahı rayonunun II Qarabağ müharibəsinin şəhidləri baş leytenant Vüsal Babayev və manqa komandiri Elmar Nəbiyev haqqında danışıb. Şagirdlər Esmira Günəşin şəhidlərə həsr etdiyi şeirlərini söyləyiblər.
Daha sonra Pirallahı Rayon İcra Hakimiyyətinin nümayəndəsi, Vətən müharibəsinin qazisi Süpay Məmmədov döyüş əməliyyatlarından, əsgərlərimizin qəhrəmanlıqlarından danışıb.
Tədbirdə çıxış edənlər qazandığımız Qələbə münasibətilə qalib əsgərlərimizi, qazilərimizi ürəkdən təbrik edərək bu Qələbədə Ali Baş Komandan İlham Əliyevin və rəşadətli Azərbaycan Ordusunun müstəsna rolunun olduğunu qeyd ediblər.