REGİONLAR
Vətən müharibəsində şəhid olan Elnur Cəfərovun xatirəsi anılıb VİDEO
Füzuli, 29 avqust, Aydın Yavərzadə, AZƏRTAC
Vətən müharibəsində qəhrəmanlıqla döyüşərək şəhadətə yüksələn oğullarımızdan biri də Cəfərov Elnur Cəmiyyət oğludur. Şəhidin ad günü məzarı yanında qeyd edilib. Vətən uğrunda canını fəda edən Elnurun əziz xatirəsi anılıb, ruhuna dualar oxunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasimdə şəhidin ailəsi ilə yanaşı, rayon icra hakimiyyətinin nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin əməkdaşları, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi, Vətən müharibəsi qaziləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Anım mərasimində qeyd edilib ki, 44 günlük Zəfər yürüşü məhz Elnur kimi igidlərin sayəsində qələbə ilə nəticələndi. Şəhidlərimiz 30 illik Vətən həsrətinə son qoymaq üçün canlarını fəda etdilər. Onlar həm də gələcək nəsillər üçün qəhrəmanlıq dastanına çevrildilər.
Diqqətə çatdırılıb ki, 1998-ci il avqustun 28-də dünyaya göz açan Elnur hələ kiçik yaşlarından vətənpərvərliyi ilə seçilib. Gələcəyin hərbçisi olmağı qarşısına məqsəd qoyan Elnur torpaqlarımızın azad olacağı ümidini bir an belə itirməyib. O, həqiqi hərbi xidmətini bitirdikdən sonra müddətdən artıq hərbçi kimi Vətən keşiyində dayanmağı özü üçün ən şərəfli bir yol seçib. Müharibə başlayan ilk gündən döyüşə atılan Elnur əsl qəhrəmanlıq nümayiş etdirib. Ermənilər tərəfindən qurulan sədlərin yarılmasında, ilk azad olan kəndlərimiz uğrunda gedən döyüşlərdə şücaəti ilə seçilib. Qorxmazlığı və mərdliyi ilə ölümün gözünə dik baxan Elnur oktyabr ayının 3-də Füzuli istiqamətində gedən döyüşlərdə düşmən gülləsinə tuş gəlib.
Elnur döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra “İgidliyə görə”, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.