Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti İtaliyada səfərdə olub
Bakı, 31 mart, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti martın 26-30-da Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) icraçısı olduğu “Vətəndaşyönümlü və şəffaf inzibati proseslər üçün elektron idarəçilik” adlı regional layihə çərçivəsində İtaliyanın paytaxtı Romada səfərdə olub.
Dövlət Agentliyindən AZƏRTAC-a bildiriblər ki, səfərin məqsədi Beynəlxalq Akademiya, Tədqiqat və Sənaye üzrə Assosiasiyanın (İARİA) təşkilatçılığı ilə keçirilən “Rəqəmsal cəmiyyət və e-hökumətlər” mövzusunda illik konfransda iştirak etmək olub.
Konfrans dünyanın müxtəlif ölkələrindən dövlət qurumlarının, özəl və elmi dairələrin nümayəndələrinin vətəndaşyönümlü e-hökumət, dövlət-özəl tərəfdaşlığı (PPP), mobil hökumətə keçid, e-hökumətdə vətəndaşların iştirakı imkanlarının müzakirəsi və əlaqələrin qurulması üçün əlverişli platforma olub.
Martın 26-da keçirilən “Rəqəmsal cəmiyyət və e-hökumətlər” mövzulu sessiyada ““ASAN xidmət” və e-hökumətin inkişafı: Azərbaycan təcrübəsi” adlı təqdimat edilib. Təqdimat zamanı “ASAN xidmət” təcrübəsindən geniş bəhs edilib, Dövlət Agentliyi tərəfindən elektron hökumət, e-xidmətlər sahəsində həyata keçirilən layihələr və görülmüş işlərlə bağlı ətraflı məlumat verilib.
Bundan əlavə, martın 27-də keçirilmiş “Dövlət xidmətləri sahəsində informasiya texnologiyaları tendensiyaları” adlı sessiyada bu sahənin günümüzdəki zəruriliyi, mövcud qabaqcıl təcrübələr tədbir iştirakçılarının diqqətinə çatdırılıb və geniş müzakirələr aparılıb.
Bundan başqa, konfrans çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib. Braziliya, Almaniya, Estoniya, Norveç, Belarus, Gürcüstan nümayəndələri Azərbaycanın dövlət xidmətləri, e-hökumət, e-xidmətlər sahəsindəki təcrübələrini maraqla qarşılayıb, gələcək əməkdaşlıq perspektivləri ilə bağlı bir sıra təkliflər irəli sürüblər.