Vətənin çağırışına ilk səs verənlərdən biri də Cavad idi VİDEO
Masallı, 10 avqust, İ.Cəfərli, AZƏRTAC
Vətən müharibəsində könüllü olaraq silaha sarılıb böyük qəhrəmanlıq göstərərək şəhadətə ucalan igid həmvətənlərimizdən biri də Cavad Gülverdi oğlu Babayevdir. O, Qubadlı uğrunda gedən qızğın döyüşlərdə qəhrəmancasına şəhid olub.
AZƏRTAC xəbər verir ki, Cavad Gülverdi oğlu Babayev 1998-ci il yanvarın 8-də Masallının Qızılağac kəndində anadan olub. Qızılağac kənd 2 nömrəli tam orta məktəbi bitirdikdən sonra Gədəbəy rayonunda hərbi hissədə həqiqi hərbi xidmət keçib. Ötən ilin sentyabrında ölkəmizdə qismən səfərbərlik elan olunanda Vətənin çağırışına ilk səs verənlərdən biri də Cavad oldu.
Valideynləri deyir ki, doğma torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşmək Cavadın ən böyük arzusu idi. Vətən müharibəsi başlayanda bu arzunu reallaşdırmaq üçün digər vətənpərvər oğullarımız kimi, o da döyüş meydanına atılıb. O, Cəbrayıl, Qubadlı və digər bölgələrdə düşmənə ağır zərbələr endirib və həmin rayonların alınmasında böyük şücaət göstərib.
Cavad Babayev Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərərək Qubadlı uğrunda gedən qızğın döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhidin nəşi Qızılağac kənd qəbiristanlığında torpağa tapşırılıb.
Cavad Babayev ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.