Vladimir vilayətində RAGB-nin təşviqat tədbiri keçirilmişdir
Moskva, 26 noyabr (AZƏRTAC). İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetindən (BMDTU) sonra noyabrın 25-də “İÇV-infeksiyanın profilaktikası” maarifçilik tədbirinin estafetini A.Q. və N.Q.Stoletovlar adına Vladimir Dövlət Universiteti (VDU) qəbul etmişdir.
Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (RAGB) idarə heyətinin üzvü Samir Əliyev AZƏRTAC-a bildirmişdir ki, noyabrın 25-də VDU-da RAGB-nin Vladimir regional şöbəsi, UNİSEF, “Qırmızı lent” təşkilatı və İ.M.Seçenov adına BMDTU təşviqat tədbirinin təqdimatını keçirmişlər. Tədbirdə universitetin tələbələri və professor-müəllim heyəti iştirak etmişdir.
“Qırmızı lent” təşkilatının rəhbəri İsgəndər Qədirov tədbirin açılışında çıxış edərək demişdir ki, məhz profilaktika və müalicə qaydaları ilə ətraflı tanış olmaqla bütün dünyada QİÇS-in sürətlə yayılmasının qarşısını almaq olar.
VDU-nun Beynəlxalq fəaliyyət idarəsinin rəisi L.Naumova bu tədbirin istər tələbələr, istərsə də ali məktəbin əməkdaşları üçün əhəmiyyətli olduğunu qeyd etmişdir. O, tədbir təşkilatçılarına minnətdarlığını bildirərək demişdir: “Biz universitetimizin bazasında bu cür tədbirlər keçirilməsinə maraq göstəririk və bu istiqamətdə RAGB ilə, BMT-nin Rusiyadakı nümayəndəliyi ilə əməkdaşlıq etməyə hazırıq”. Məruzə ilə çıxış etmiş İ.M.Seçenov adına BMDTU-nun professoru K.Umbetova İÇV-infeksiya, onun profilaktikası və bu xəstəliklə mübarizə üsullarından ətraflı söhbət açmış, son illərin statistikasını misal göstərmiş, ali məktəb tələbələrinin və əməkdaşlarının suallarını cavablandırmışdır. RAGB Vladimir şöbəsinin sədri Ruslan Eyvazov tədbirə yekun vuraraq QİÇS-ə qarşı mübarizədə milli mənsubiyyətindən, irqindən və dinindən asılı olmayaraq bütün qüvvələrin sıx birləşməsinin vacib olduğunu qeyd etmişdir. O demişdir ki, Rusiyanın azərbaycanlı gəncləri istər təhlükəli xəstəliklərə, istərsə də cəmiyyətdə mənfi təzahürlərə qarşı mübarizə tədbirlərində həmişə fəal iştirak edəcəklər.
Tədbirdə QİÇS-ə qarşı mübarizə rəmzi olan qırmızı lentlər, maarifləndirici kitabçalar paylanmışdır.
Qeyd edək ki, Kaluqa vilayətində və Bakıda da belə tədbirlər keçiriləcəkdir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva