Vüqar Bayramov: Xidmət müqaviləsi ilə işləyənlərin ipoteka kreditlərinə müraciət qaydaları asanlaşıb
Bakı, 15 may, AZƏRTAC
Xidmət müqaviləsi ilə işləyənlərin ipoteka kreditlərinə müraciət qaydaları asanlaşıb. Nazirlər Kabinetinin “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka krediti, o cümlədən güzəştli ipoteka krediti üzrə borcalanların aylıq məcmu gəlirinin hesablanması Qaydası”nda etdiyi dəyişikliklər ilə bu reallaşıb.
Bunu AZƏRTAC-a açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri, iqtisadçı ekspert Vüqar Bayramov bildirib. Yeni dəyişikliklərin nədən ibarət olduğunu ətraflı izah edən ekspert qeyd edib ki, əvvəllər müraciət üçün ən azı 12 ay iş fəaliyyəti tələb edilirdisə, indi bu rəqəm 6 ayadək azaldılıb, eyni zamanda, orta aylıq gəlir hesablanan zaman 12 ay deyil, faktiki ayların sayı nəzərə alnacaq. Vüqar Bayramov həmçinin əlavə edib ki, ipoteka krediti üçün müraciət edən vətəndaşımzın yalnız son 8 ayda iş fəaliyyəti varsa, onun gəlirləri cəmlənərək 8-ə bölünəcək. Əvvəllər 12 aydan az fəaliyyəti olanlar ipoteka kreditlərinə müraciət etmək hüququna malik deyildilər.
Onun sözlərinə görə, dəyişikliyə əsasən, sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlər hesablanan zaman əvvəlki qaydalara əsasən, kredit üçün müraciət edən şəxsin ən azı 2 il belə fəaliyyət ilə məşğul olması tələb olunurdusa, indi son 1 il sahibkarlıq faəliyyəti ilə məşğul olmaq kifayət edəcək. O qeyd edib ki, bundan başqa, xidmət sahələrində sadələşdirilmiş vergi ödəyiciləri üzrə nəzərə alınan aylıq məcmu gəlirin məbləği orta aylıq dövriyyənin 40 faizindən deyil, 70 faizindən çox olmayacaq. Yəni ipotekaya müraciət edən sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsin gəlirinin 70 faizi həcminədək aylıq kredit ödəniş məbləği müəyyənləşdirilə biləcək.
Yeni qaydalara əsasən, ipoteka kreditinə müraciət edənin aylıq məcmu gəlirinin hesablanması zamanı Azərbaycanda əldə edilən, həm də onun hüdudlarından kənardakı mənbələrdən daxil olan milli və xarici valyutadakı gəlirlərinin nəzərə alındığını deyən müsahibimiz vurğulayıb ki, həmin şəxs xaricdən hər hansı gəlir əldə edirsə və onu təsdiq edən sənədə malikdirsə, o zaman həmin məbləğ orta aylıq gəlirin hesablanması zamanı istifadə edilə biləcək.