Vüqar Gülməmmədov: Fiskal dayanıqlılığa təsir edən amillər diqqətdə saxlanılmalıdır
Bakı, 10 noyabr, AZƏRTAC
2022-ci ilin dövlət büdcəsinin tərtibi və strukturu ilə bağlı “Büdcə sistemi haqqında” Qanunun müəyyən etdiyi tələblər əsasən gözlənilib, dövlət büdcəsinin layihəsi ilə birlikdə hazırlanan və təqdim edilən sənədlərin siyahısı əvvəlki illərlə müqayisədə artırılıb, izahatlara daxil edilmiş məlumatların keyfiyyət və həcminin nisbətən yüksəldilməsi istiqamətində müsbət addımlar atılıb. Eyni zamanda, tərəfimizdən təqdirəlayiq hal kimi qiymətləndirilən bu addımların “Büdcə sistemi haqqında” Qanunda bu sahədə hər hansı bir dəyişikliyin olmaması fonunda atıldığını da vurğulamaq lazımdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.
Hesablama Palatasının sədri qeyd edib ki, zərfə daxil olan sənədlərin bəzilərinin yalnız informativ xarakterli olması, bəzi istiqamətlər üzrə göstəricilərin əvvəlki illərlə müqayisədə çeşidinin azaldıldığı da qeyd edilməlidir və bu hal makrofiskal kontekstdən təhlillərin həyata keçirilməsinə, bir sıra hallar üzrə isə 2021-2022-ci illərə dair müqayisənin aparılmasına mane olub. “Sadalanan halları və büdcə-vergi siyasətinin əsas istiqamətlərindən biri kimi dövlət maliyyəsinin idarəedilməsində şəffaflığın və hesabatlılığın artırılmasının müəyyən edildiyini də diqqətə alaraq, hesab edirik ki, büdcə qanunvericiliyinin təkmilləşdirilməsinə ehtiyac var, “Büdcə sistemi haqqında” Qanunun 12-ci və 16-cı maddəsinin dəyişikliklər edilməsi zəruriliyini vurğulamaqla təkmilləşdirmə istiqamətləri barədə tövsiyələrimizi də rəyə daxil etmişik.
Zərfə daxil edilmiş izahatda fiskal risklərin əhatə dairəsi bir qədər genişləndirilib, yalnız bir riskin büdcəyə təsirlərinə dair qiymətləndirmələr aparılıb. Bununla yanaşı, müasir çağırışlar fonunda aktuallığın gündən-günə artan fiskal dayanıqlılıq problemləri tam mənada sənədlərdə öz əksini tapmayıb”, - deyə Vüqar Gülməmmədov bildirib.
Diqqətə çatdırılıb ki, fiskal dayanıqlılıq yalnız neft sektoru üçün problem hesab edilməməli, bu dayanıqlılığa təsir edən amillər sistemli şəkildə diqqətdə saxlanılmalıdır. Hesab edirik ki, Hesablama Palatasının son 8 ildə davamlı olaraq rəylərində əks etdirdiyi analitik xarakterli göstəricilər və təhlillər bu istiqamətdə risk təhlili üçün baza və dayaq nöqtəsi kimi faydalı ola bilər.
“Büdcə zərfi”nə daxil edilmiş məlumatların təhlili digər pozitiv məqamı da vurğulamaq imkanı verir. Müqayisəli təhlil göstərir ki, bir sıra istiqamətlər üzrə Hesablama Palatasının əvvəlki rəylərində qeyd edilmiş məsələlər zərfdə nəzərə alınıb və bu barədə Rəydə ayrıca məlumat təqdim olunub.