Vyanada Arnold Şvartseneqqerin təşəbbüskarı olduğu növbəti iqlim konfransı keçirilib
Vyana, 29 may, AZƏRTAC
Mayın 28-29-da Vyanada məşhur aktyor və ABŞ-ın Kaliforniya ştatının keçmiş qubernatoru Arnold Şvartseneqqerin təşəbbüsü ilə təsis edilmiş üçüncü Avstriya Dünya Sammiti keçirilib.
AZƏRTAC xəbər verir ki, iqlim dəyişikliklərinə həsr olunmuş konfransa BMT-nin Baş katibi Antonio Quterreş, Avropa, Asiya və Afrikanın müxtəlif ölkələrinin dövlət başçıları və nazirlər daxil olmaqla, 1200-dən çox iştirakçı qatılıb.
Konfransda dünyanın müxtəlif regionlarında ekoloji təmiz və iqlimi qoruyan layihələrin maliyyələşdirilməsi imkanları müzakirə edilib. Həmçinin dünyanın yoxsul regionları xüsusilə diqqət mərkəzində olub və əhalinin maddi vəziyyəti çətin olan regionlarda iqlim dəyişikliyinə qarşı mübarizə sayəsində kənd təsərrüfatı imkanlarının yaxşılaşdırılması barədə fikir mübadiləsi aparılıb.
Konfrans Avstriyanın Federal Prezidenti Aleksander Van der Bellenin himayəçiliyi ilə baş tutub. Prezident konfrans çərçivəsində Şvartseneqqer və iqlim dəyişikliklərinə qarşı mübarizə aparan isveçli aktivist Qreta Tunberq ilə görüşüb.
Konfransın təşkilatçısı Arnold Şvartseneqqerin 2010-cu ildə BMT ilə əməkdaşlıq şəraitində yaratdığı “R20 - İqlim Aksiyası Regionları” qeyri-hökumət təşkilatı olub. Qeyri-hökumət təşkilatının məqsədi yerli və regional təşəbbüslərin köməyi ilə ətraf mühitin qorunması üçün qlobal hədəfləri həyata keçirmək və “yaşıl iqtisadiyyat”ı dəstəkləməkdir.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana