Vyetnam Jurnalistika və Kommunikasiyalar Akademiyasında Azərbaycan guşəsi yaradılıb
Pekin, 29 yanvar, AZƏRTAC
Ölkəmizin Hanoydakı səfirliyinin Vyetnam Jurnalistika və Kommunikasiyalar Akademiyası ilə əməkdaşlığı çərçivəsində akademiyanın kitabxanasında Azərbaycan guşəsi yaradılıb.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, guşənin açılış mərasimində çıxış edən səfir Anar İmanov Azərbaycan ilə Vyetnam arasında tarixən mövcud olan dostluq münasibətlərinin son illər ərzində sürətlə inkişaf etdiyini vurğulayıb. Səfir qeyd edib ki, ölkələrimiz arasında qarşılıqlı əlaqələrin inkişafında, xalqlarımızın bir-biri haqqında məlumatlandırılmasında kütləvi informasiya vasitələri böyük rol oynayır.
Səfirliyimizin Vyetnam mediası ilə sıx əlaqələr qurduğunu bildirən diplomat gənc jurnalistlərin Azərbaycan haqqında məlumatlarının artırılmasının əhəmiyyətini qeyd edib, Vyetnam Jurnalistika və Kommunikasiyalar Akademiyası ilə əməkdaşlığın faydalı olacağını bildirib.
Diqqətə çatdırılıb ki, akademiyaya hədiyyə olunacaq kitab və jurnallar müəllim və tələbə heyətinin Azərbaycan haqqında məlumatlılığının artırılmasına xidmət edəcək.
Akademiyanın xarici münasibətlər fakültəsinin dekanı Nquyen Nqoc Oanh gələcəkdə beynəlxalq sahədə xəbərləri işıqlandıracaq tələbələrə Azərbaycan diplomatları ilə təmasda olmağı, ölkəmiz, Cənub Qafqaz bölgəsi, habelə Azərbaycan-Vyetnam münasibətləri barədə məlumatları birbaşa səfirlikdən almağı tövsiyə edib, bunun akademiyanın fəaliyyətinə səfirliyin böyük dəstəyi kimi qiymətləndirib. O, yaşlı nəslin Azərbaycan haqqında yetərincə məlumatlı olduğunu qeyd edərək, gənc vyetnamlıların ölkələrinin ənənəvi dostu olan Azərbaycan haqqında biliklərinin artırılmasının vacibliyini vurğulayıb.
Səfirlik tərəfindən Vyetnam dilində dərc olunmuş “Heydər Əliyev”, “İlham Əliyev”, “Xocalı soyqırımı”, “Erməni terrorçularının bəşəriyyətə qarşı törətdiyi cinayətlər” kitabları, ümumiyyətlə, 50-dən çox kitab, broşür və jurnal akademiyanın kitabxanasına təqdim olunub.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin