WUF13 çərçivəsində assambleyaların birgə bağlanış sessiyası keçirilib – YENİLƏNİB
Bakı, 18 may, AZƏRTAC
Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində assambleyaların birgə bağlanış sessiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, sessiyanın məqsədi forum boyunca aparılan müzakirələri ümumi nəticəyə çevirmək və gələcək fəaliyyət üçün əsas prioritetləri müəyyən etməkdir.
İclas zamanı hər bir assambleyanın nümayəndələri əsas mesajlarını, təkliflərini və təşəbbüslərini təqdim ediblər.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbərinin müavini, WUF13-ün milli əlaqələndiricisinin müavini Gülşən Rzayeva bildirib ki, Azərbaycan üçün bu tədbir sadəcə qlobal tədbir deyil, həm də mənzil təminatı, inklüzivlik və dayanıqlı şəhər inkişafını gələcəyin əsas prioritetləri sırasında görən yüksəksəviyyəli öhdəlikdir.
Türkiyənin Konya şəhərinin bələdiyyə başçısı Uğur İbrahim Altay qeyd edib ki, mənzil məsələsi urban gündəliyinin mərkəzində dayanmalıdır. Çünki mənzil yalnız yaşayış yeri deyil, həm də təhlükəsizlik, dayanıqlılıq, sosial uyğunlaşma, ictimai iştirakçılıq və demokratik həyatın əsasını təşkil edir.
BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Gənclər Məsləhət Şurasının Afrika üzrə ikinci prezidenti Conatan Some diqqətə çatdırıb ki, mənzil və şəhər həyatı ilə bağlı ehtiyaclar yaşa, genderə, fiziki imkanlara, dini mənsubiyyətə, sosial-iqtisadi vəziyyətə və insanların həyat təcrübələrinə görə fərqlənir.
Polşanın BMT-dəki daimi nümayəndəsi Kriştof Şerski bildirib ki, dayanıqlı şəhər inkişafında tərəfdaşlıqlar mühüm rol oynayır və Dayanıqlı İnkişaf Məqsədlərinin lokallaşdırılması üçün çoxtərəfli əməkdaşlıq vacibdir. O qeyd edib ki, Nyu-Yorkda aparılacaq hökumətlərarası danışıqlarda WUF13-də səsləndirilən fikir və təkliflər nəzərə alınacaq.
UN-Habitat-ın Azərbaycandakı Ofisinin rəhbəri Anna Soave vurğulayıb ki, şəhərlərin gələcəyi üçün çoxtərəfli əməkdaşlıq həyati əhəmiyyət daşıyır. O deyib ki, gələcəyin şəhərləri üçün müxtəlif idarəetmə mexanizmləri və innovativ yanaşmalar hazırlanmalıdır.
Tədbir mədəni proqramla yekunlaşıb, Türkiyənin məşhur müğənnisi Haluk Levent kiçik konsert proqramı ilə çıxış edib.
09:28
Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Assambleyaların birgə bağlanış sessiyası keçirilir.
AZƏRTAC xəbər verir ki, sessiyanın məqsədi forum boyunca aparılan müzakirələri ümumi nəticəyə çevirmək və gələcək fəaliyyət üçün əsas prioritetləri müəyyən etməkdir.
İclas zamanı hər assambleyanın nümayəndələri əsas mesajlarını, təkliflərini və təşəbbüslərini təqdim edəcəklər. Daha sonra bu fikirlər ümumiləşdirilərək ortaq prioritetlər və ümumi məqsədlər müəyyən olunacaq.
Sessiyada Yeni Şəhər Gündəliyi və Bakı Fəaliyyətə Çağırışı kimi beynəlxalq təşəbbüslərlə bağlı məsələlərə də toxunulacaq. İnteraktiv müzakirələr iştirakçılara yekun nəticələrin formalaşmasında iştirak etmək imkanı yaradacaq.
Bağlanış sessiyası müxtəlif baxışları vahid istiqamətdə birləşdirərək mənzil təminatı və dayanıqlı şəhər inkişafı sahəsində konkret addımların müəyyən olunmasına xidmət edir.