Bado Başu: WUF13 şəhərsalma sahəsində əməkdaşlığı gücləndirir
Bakı, 18 may, AZƏRTAC
WUF13-ün şəhərlərin gələcəyinin formalaşdırılmasında əhəmiyyəti olduqca böyükdür və strateji xarakter daşıyır. Bu tədbir mütəxəssislərə, dövlət qurumlarına və digər iştirakçılara öz təcrübələrini, uğurlu yanaşmalarını və həll yollarını paylaşmaq üçün geniş imkan yaradır. Sessiya gələcəyin şəhərləri ilə bağlı mövcud problemlərin həlli istiqamətində bütün tərəfləri bir araya gətirən mühüm platformadır. Tədbir çərçivəsində iştirakçılar birgə əməkdaşlıq edərək şəhərsalma ilə bağlı çağırışlara effektiv həll yolları tapmaq üçün çalışırlar.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Şimali Ərazilərin İnkişafı ilə məşğul olan qurumun nümayəndəsi Bado Başu bildirib.
O qeyd edib ki, Azərbaycanın dayanıqlı şəhər inkişafı üzrə qlobal gündəmdə oynaya biləcəyi rol olduqca əhəmiyyətlidir. Müzakirə olunacaq mövzular və təqdim ediləcək təşəbbüslər ölkənin bu sahədəki mövqeyini daha da möhkəmləndirəcək. WUF13-ün məhz Azərbaycanın təşkilatçılığı ilə keçirilməsi xüsusi önəm daşıyır.
“Sessiya çərçivəsində qaldırılacaq məsələlər, aparılacaq müzakirələr və təqdim olunacaq həll yolları tədbirin uğuruna mühüm töhfə verəcək. Azərbaycan isə bu prosesdə həm təşəbbüskar, həm də qlobal həllərin formalaşdırılmasında vacib tərəfdaş kimi çıxış edəcək”, – deyə o əlavə edib.
Müxbir - Günel Alıyeva