Sosial inklüzivlik və yoxsulluğun aradan qaldırılması üçün mənzil təminatı – Panel iclaslar
Bakı, 17 may, AZƏRTAC
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Sosial inklüzivlik və yoxsulluğun aradan qaldırılması üçün mənzil təminatı” mövzusu müzakirə edilib.
AZƏRTAC xəbər verir ki, paneldə Mərakeşin mənzil tikintisi məsələləri üzrə dövlət katibi Adib Benbrahim əsas tələblərdən biri olan ev təminatı çağırışının sosial stabilliyə ciddi şəkildə təsir edən amillərdən biri olduğunu deyib. O, ev və yaşayış şəraitinin yetərli olmamasının insanların həyat keyfiyyətini aşağı saldığını və onların sosial rifahını zəiflətdiyini diqqətə çatdırıb: “İnsanların sosial təminatı stabil olmadıqda onlar normal və təhlükəsiz şəraitdə yaşaya bilmirlər. Bu isə yalnız fərdi həyat səviyyəsinə deyil, ümumilikdə cəmiyyətin sosial strukturuna da mənfi təsir göstərir. Stabil olmayan sosial şərait insanların sağlamlığını, təhsil imkanlarını və iş qabiliyyətini zəiflədir. Nəticə etibarilə bu cür problemlər ölkə iqtisadiyyatına da ciddi təsir edir”.
Kambocanın Baş nazirinin müavini Say Samal bildirib ki, kambocalılar uzun illər ərzində yoxsulluq şəraitində yaşayıb, sosial və iqtisadi çətinliklərlə üzləşiblər. Lakin son dövrlərdə həyata keçirilən inkişaf proqramları və sosial siyasətlər nəticəsində ölkə tədricən ortagəlirli səviyyəyə doğru irəliləyib. “Bu inkişafın əsas səbəblərindən biri insanların yaşayış şəraitinin yaxşılaşdırılması və ev təminatına xüsusi diqqət yetirilməsidir. Cəmiyyət üçün harmonik və təhlükəsiz yaşayış mühitinin yaradılması sosial sabitliyin gücləndirilməsində mühüm rol oynayır. İnklüziv yanaşma əsasında əhalinin bütün təbəqələrinin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində addımlar atılır və bu sahədə davamlı layihələr həyata keçirilir”,- deyə Kambocanın Baş nazirinin müavini vurğulayıb.
Mexiko şəhərinin mənzil katibi İnti Munoz Santini WUF13 kimi effektiv tədbirin təşkilinə görə Azərbaycana və BMT-yə minnətdarlığını bildirib. Mexiko kimi böyük və əhalisi sıx olan şəhərlərdə sosial bərabərsizlik və yoxsulluq problemlərinin daha qabarıq şəkildə özünü göstərdiyinə diqqət çəkən katib vurğulayıb ki, bu səbəbdən ölkəsində yoxsulluğun və bərabərsizliyin aradan qaldırılması üçün daha fundamental və inandırıcı yanaşmaların tətbiq edilməsinə çalışılır.
Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi nazirinin müavini Ömər Bulut isə qeyd edib ki, Türkiyədə kəndlərdən şəhərlərə olan miqrasiya gecəqonduların (qanunsuz yaşayış məntəqələrinin) artmasına səbəb olub. Lakin son dövrlərdə bu sahədə atılan uğurlu addımlar, şəhərsalma və sosial mənzil layihələrinin genişləndirilməsi nəticəsində gecəqonduların sayı xeyli azalıb. “2023-cü ildə Türkiyədə baş verən güclü zəlzələ isə ölkənin bir sıra bölgələrində ciddi dağıntılara səbəb olub. Bu təbii fəlakətdən sonra genişmiqyaslı bərpa və yenidənqurma işlərinə başlanılıb, zərərçəkmiş ərazilərdə infrastrukturun və yaşayış sahələrinin yenidən qurulması istiqamətində sürətli addımlar atılıb”, - deyə nazir müavini vurğulayıb.
16:30
Mayın 17-də Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının (WUF13) ilk günü “Hər kəs üçün münasib mənzil” mövzusunda tematik panellər təşkil olunub.
AZƏRTAC xəbər verir ki, ilk panel “Sosial inklüzivlik üçün mənzil və yoxsulluğun sonlandırılması“ mövzusunda təşkil olunub. Nadya Qyanenin moderatorluğu ilə keçirilən panel seqmentinin açılışında WUF13-ün milli koordinatorunun müavini Gülşən Rzayeva, Somalinin ictimai işlər, bərpa və mənzil təsərrüfatı naziri Ayub İsmail Yusuf və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax çıxış ediblər.
Natiqlər çıxışlarında şəhərlərin inkişafının sosial inteqrasiya, insan ləyaqətinin qorunması və yoxsulluğun azaldılmasında mühüm rol oynadığını diqqətə çatdırıblar. Qeyd edilib ki, artan urbanizasiya, miqrasiya və iqlim dəyişiklikləri fonunda çoxtərəfli əməkdaşlıq və inklüziv siyasətlər xüsusi əhəmiyyət kəsb edir və bu da öz növbəsində Yeni Şəhərsalma Proqramının əhəmiyyətinin artırır.
Çıxışlarda diqqətə çatdırılıb ki, Azərbaycan və Somali 2025–2026-cı illər üçün BMT-nin Məskunlaşma Proqramının “Hər kəs üçün münasib mənzil” üzrə Hökumətlərarası Ekspert İşçi Qrupunun həmsədridir.
Panel diskussiyada Mərakeşin şəhər planlaması, mənzil və şəhər siyasəti üzrə naziri Adib Ben-Brahim, Kambocanın Baş nazirinin müavini, torpaqların idarə edilməsi, şəhər planlaması və bərpa naziri Say Sam Al, Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişiklikləri üzrə nazirinin müavini Ömer Bulut, Meksikanın Mexiko şəhərinin meri Karla Bruqada sosial inklüzivliyin təmin olunmasında milli təcrübələr barədə danışıblar. Bildirilib ki, mənzil təminatı insan hüququ kimi nəzərdən keçirilməli, onun ləyaqət, bərabərlik və sosial mobillik üçün əsas rolu diqqət mərkəzində saxlanılmalıdır. Bu yanaşma cəmiyyətdə sosial bərabərsizliyi aradan qaldırmağa, həssas qrupların mənzilə çıxışını yaxşılaşdırmağa və yoxsulluğa qarşı mübarizə üçün siyasət və fəaliyyətlərin əhəmiyyətini artıracaq.
Sessiyanın ilk günündə “Şəhər rifahı üçün mənzil və hamı üçün imkanlar“ və “Ekoloji cəhətdən dayanıqlı və davamlı şəhər inkişafı üçün mənzil” mövzularında panellərin keçirilməsi də nəzərdə tutulub.
Müxbir - Elgün Niftəli