Xaçmazda jurnalist Aytəkin Alxaslının “Kamilliyə gedən yol” kitabı təqdim olunub
Xaçmaz, 9 sentyabr, AZƏRTAC
Xaçmazda jurnalist Aytəkin Alxaslının “Kamilliyə gedən yol” kitabı oxuculara təqdim olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Aytəkin Alxaslının uzun illər ərzində jurnalistika sahəsində göstərdiyi fəaliyyətdən, bölgənin ictimai həyatının işıqlandırılmasında xidmətlərindən və özünəməxsus yaradıcılıq üslubundan danışılıb. Bildirilib ki, Aytəkin Alxaslı uzun illər ərzində şimal bölgəsində jurnalist kimi fəaliyyət göstərərək burada yaşayan insanların həyatını, problemlərini və qayğılarını geniş auditoriyaya çatdırıb. Onun hazırladığı reportajlar bölgənin sosial həyatının müxtəlif istiqamətlərinin işıqlandırılmasında mühüm rol oynayıb.
Çıxışlarda “Kamilliyə gedən yol” kitabının müəllifin uzun illər ərzində topladığı müşahidə və təcrübələrinin, jurnalist kimi keçdiyi yolun, qarşılaşdığı hadisələrin və müxtəlif insanlarla bağlı xatirələrinin əks olunduğu nəşr kimi əhəmiyyəti vurğulanıb.
Tədbirdə müəllifin həmkarları və həmyerliləri Aytəkin Alxaslı ilə bağlı xatirələrini bölüşüb, onun insani keyfiyyətləri və jurnalist fəaliyyəti barədə fikirlərini bildiriblər.
Qeyd edək ki, Aytəkin Alxaslı 2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalına layiq görülüb.
Təqdimatın sonunda müəllif “Kamilliyə gedən yol” kitabını imzalayaraq iştirakçılara təqdim edib.
Müxbir- Elxan Yusifli