Xaçmazda karantin rejiminin tələblərinə nəzarət tədbirləri gücləndirilib
Xaçmaz, 5 aprel, Elxan Yusifli, AZƏRTAC
Xaçmazda Rayon İcra Hakimiyyətinin rəhbərliyi və yerli hüquq mühafizə orqanlarının nümayəndələri ictimai iaşə və ticarət obyektlərində, eləcə də poçt və bank filiallarında monitorinqlər keçiriblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, monitorinq zamanı sakinlərlə maarifləndirici söhbətlər aparılıb, tibbi maskadan istifadənin zəruriliyi və vaksinasiyada iştirak etməyin vacibliyi vurğulanıb. COVID-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması üçün xüsusi karantin rejiminin tələblərinə və sosial izolyasiya qaydalarına əməl edilməsinin, eləcə də peyvəndlənmə kampaniyasında vaxtında iştirak etməyin önəmi bir daha xatırladılıb.
Aparılan monitorinqlər zamanı əksər obyektlərdə karantin rejiminin tələblərinə əməl edildiyi müşahidə olunub.
Rayon icra hakimiyyətinin başçısı Elnur Rzayev və hüquq mühafizə orqanlarının rəhbərləri tibb müəssisələrində vaksinasiya prosesinin gedişi ilə də maraqlanıblar. Əhalinin sağlamlığı üçün dövlətimizin gördüyü işlərlə bağlı vətəndaşlara ətraflı məlumat verilib.