Xaçmazda “Nağıl” uşaq istirahət parkı açılıb
Xaçmaz, 1 iyun, AZƏRTAC
Xaçmaz şəhərində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Nağıl” uşaq istirahət parkı istifadəyə verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ərazidə uşaqların sağlam istirahəti, fiziki və intellektual inkişafı üçün müxtəlif attraksionlar, müasir oyun qurğuları, rahat oturacaqlar və yaşıllıq zonaları yaradılıb. Parkın ərsəyə gəlməsində peşə təmayüllü siniflərdə təhsil alan şagirdlərin də zəhməti olub. Belə ki, onların əldə etdikləri bilik və bacarıqlardan parkın ayrı-ayrı elementlərinin hazırlanmasında istifadə edilib.
Açılış mərasimində Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov, yerli sahibkarlar, şəhid ailələri, qazilər və uşaqlar iştirak ediblər. Mərasimdə qeyd olunub ki, uşaqların qayğısına qalmaq və onlara layiqli gələcək bəxş etmək dövlətimizin prioritet vəzifələrindəndir. Belə sosial layihələr uşaqların inkişafı və vətənpərvərlik ruhunda tərbiyəsi üçün mühüm zəmin yaradır. Bildirilib ki, yeni park rayonun ictimai həyatında fəal iştirak edən sahibkar Qasım Muradovun maliyyə dəstəyi ilə inşa edilib.
Xaçmaz sakinləri rayonda həyata keçirilən quruculuq və abadlıq işlərinə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Açılış mərasimi mədəni-kütləvi proqramla davam edib. Körpələr evi-uşaq bağçalarının kollektivləri və məktəblilər müxtəlif bədii kompozisiyalarla çıxış ediblər.
Tədbirdə şəhid övladlarına Xaçmaz Rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələr təqdim olunub.
Müxbir - Elxan Yusifli