Xaçmazda pandemiya qaydalarına əməl etməyən şəxslər barəsində inzibati tədbirlər görülüb VİDEO
Xaçmaz, 14 avqust, Elxan Yusifli, AZƏRTAC
Koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara uyğun olaraq, Xaçmaz rayonunda xüsusi karantin rejimi qaydalarının təmin olunması üçün nəzarət tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba Regional Qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti reyd zamanı pandemiya qaydalarına əməl etməyən şəxslər barəsində inzibati qaydada tədbirlər görülüb.
Polis əməkdaşlarından ibarət mobil qruplar tərəfindən keçirilən reydlər zamanı Operativ Qərargah tərəfindən müəyyən edilən tələb və qaydaların təmin olunması, sosial məsafənin qorunması, tibbi maskalardan istifadənin vacibliyi vətəndaşların diqqətinə çatdırılır, tövsiyələr verilir. Eyni zamanda, karantin rejimi qaydalarını pozan vətəndaşlar və obyekt sahibləri barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada inzibati tədbirlər icra olunur.
Polis əməkdaşları tərəfindən gücləndirilmiş nəzarət-profilaktiki tədbirlər qapalı məkanlarda, o cümlədən ictimai nəqliyyatda həyata keçirilir.
Davamlı olaraq həyata keçirilən nəzarət tədbirlərinin məqsədi koronavirus infeksiyasının fəsadları barədə əhalini maarifləndirmək, təhlükəli virusun yayılmasının qarşısını almaqdır.