XALQ ARTİSTİ TAMİLLA ŞİRƏLİYEVANIN YUBİLEYİ KEÇİRİLƏCƏKDİR
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, milli balet sənətimizin ən görkəmli nümayəndlərindən biri olan T.Şirəliyeva 25 illik səhnə fəaliyyəti dövründə balet əsərlərində maraqlı, yaddaqalan obrazlar yaratmış və əsas rollarda çıxış etmişdir. 1964-1989-cu illərdə Opera və Balet Teatrının balet truppasının aparıcı solisti olmuşdur. Dünyanın bir çöx ölkələrində - İtaliya, Fransa, Almaniya, Polşa, Rusiya, Mərakeş, Hindistan, Birma və Şri-Lankada milli balet sənətimizi ləyaqətlə təmsil etmişdir. 1989-cu ildə balet artisti kimi fəaliyyətini başa vuran T.Şirəliyeva o vaxtdan bəri teatrda baletmeysterliklə məşğuldur. Balet truppasının əldə etdiyi uğurlarda onun xüsusi payı vardır. Son illər bir sıra tamaşalara - Tofiq Bakıxanovun “Xəzər balladası”, Aqşin Əlizadənin “Qafqaza səyahət”, Niyazinin “Rast” baletlərinə quruluş vermişdir. Eyni zamanda, Lyudviq Minkusun “Paxita”, Frederik Şopenin “Şopeniana” baletlərini yeni redaksiyada bərpa etmişdir.
T.Şirəliyeva geniş pedaqoji fəaliyyətlə də məşğul olur. Bakı Xoreoqrafiya Məktəbinin bədii rəhbəridir. Hazırda teatrın bir çox solistləri onun yetirmələridir.
Dekabrın 15-də teatrın səhnəsində T.Şirəliyevanın quruluş verdiyi “Rast” muğam-baletinin tamaşası olacaqdır.