XALQ ARTİSTİ YUSİF MUXTAROV 69 YAŞINDA VƏFAT ETMİŞDİR
Bakı, 26 aprel (AZƏRTAC). Azərbaycanın Xalq artisti, Bakı Bələdiyyə Teatrının icraçı direktoru Yusif Muxtarov ürək çatışmazlığından 69 yaşında dünyasını dəyişmişdir. Bir neçə il bundan əvvəl ürəyində cərrahiyyə əməliyyatı keçirilən sənətçi ürək ağrılarından əziyyət çəkirmiş. Mərhumla vida mərasimi onun Mərdəkandakı bağ evində keçiriləcəkdir.
Yusif Muxtarov 1941-ci il aprelin 23-də anadan olmuşdur. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini və Plexanov adına Moskva Dövlət Xalq Təsərrüfatı Akademiyasını bitirmişdir. Əmək fəaliyyətinə 1964-cü ildə Azərbaycan Dövlət Radio və Televiziya şirkətində diktor kimi başlayan Y.Muxtarov sonra ictimai-siyasi verilişlər redaksiyasının baş redaktoru, diktor şöbəsinin bədii rəhbəri vəzifələrində çalışmışdır. 1991-ci ildə Əməkdar artist fəxri adını alan Yusif Muxtarov 1992-ci ildən bu günə kimi Bakı Bələdiyyə Teatrının icraçı direktoru olmuşdur.
Muxtarov Yusif Mehdi oğlu ötən illər ərzində N.Hikmətin “Qəribə adam”, M.Y.Lermontovun “İki qardaş”, S.Vurğunun “Vaqif”, S.Rəhmanın “Xoşbəxtlər”, N.Hikmətin “Bayramın ilk günü”, Bayciyevin “Duel”, Ç.Aytmatovun “Qırmızı yaylıqlı qovağım mənim”, İ.Əfəndiyevin “On iki manatlıq lüstr”, “Söyüdlü arx” kimi televiziya tamaşalarında və Azərbaycan kinostudiyasında çəkilmiş “Baladadaşın məhəbbəti”, “Qatarda qətl” filmlərində yaddaqalan obrazlar yaratmışdır. Azərbaycan radiosunun qızıl fondunda onun səsi olan 350-dən artıq bədii veriliş saxlanmaqdadır. Onun iştirakı ilə Azərbaycan dilində mindən artıq film səsləndirilmişdir. YUNESKO-nun iki qızıl diskində onun səsi yazılaraq qorunur. Y.Muxtarovun Bakı Bələdiyyə Teatrının yaranmasında, inkişafında və teatrın Azərbaycanı xarici ölkələrdə layiqincə təmsil etməsində əvəzsiz xidmətləri olmuşdur.
Yusif Muxtarov teatrın Azərbaycan ordusu qarşısında müntəzəm və davamlı çıxışlarının təşkili üçün 2005-ci ildə Teatr Xadimləri İttifaqının təsis etdiyi “Qızıl Dərviş” mükafatına layiq görülmüşdür. O, 1999-cu ildə Türkiyənin İstanbul hərbi hava akademiyasının qızıl medalı, 2003-cü ildə isə Tehranda keçirilən Beynəlxalq Teatr festivalının qızıl medalı ilə təltif edilmışdir. 2002-ci il noyabrın 7-də Bakı Bələdiyyə Teatrının 10 illiyi ilə əlaqədar Prezident Heydər Əliyevin fərmanı ilə Yusif Muxtarova Xalq artisti fəxri adı verilmişdir.